...

Azərbaycan qlobal sıçrayışın astanasında

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2014 11:14 (UTC +04:00)
Azərbaycan sənayeləşdirmənin yeni mərhələsinə daxil olub. Son hədəf ölkənin regionun ən güclü sənaye mərkəzinə çevrilməsidir.
Azərbaycan qlobal sıçrayışın astanasında

Baş redaktorun iqtisadiyyat üzrə müavini

İlahə Məmmədli - Trend:

Azərbaycan sənayeləşdirmənin yeni mərhələsinə daxil olub. Son hədəf ölkənin regionun ən güclü sənaye mərkəzinə çevrilməsidir.

Bu, ölkə üçün təkcə iqtisadi baxımdan deyil, həm də əhalinin məşğulluğunun təmin olunması, gəlirlərin artması, əhali artımı, yüksək ixtisaslı işçi qüvvəsinin yaranması üçün də vacibdir.

Dövlət başçısı sənaye inkişafı üzrə dövlət proqramını təsdiqləyib. Proqramda yerli məhsulların rəqabətqabiliyyətliliyinin, ixrac potensialının artırılması, sənayenin regional strukturunun təkmilləşdirilməsi və nəhayət, Azərbaycanın brendlərinin yaradılmasının istiqamətlərini müəyyən edir. Bununla yanaşı, prioritetlər arasında sənayenin şaxələndirilməsi məqsədi ilə həm ənənəvi, həm də qeyri-ənənəvi istehsalatların inkişafı, yüksək texnologiyaların tətbiqi ilə yeni istehsal sahələrinin yaradılması, həmçinin elektron avadanlığın istehsalının genişləndirilməsi və əczaçılıq məhsullarının istehsalının təşkili ayrıca yer tutur.

Yeni müəssisələrin yaradılması zamanı yüksək ekoloji tələblərə cavab verən və enerji istehlakına qənaət nəzərə alınmaqla texnologiyaların tətbiqi diqqət mərkəzində olmalıdır.

Məlum olduğu kimi, dünya enerji istehlakının 40 faizi sənaye sektorunun payına düşür ki, bu da resurs bazasının və sənayeyə yönəlik xidmətlərin inkişafına səbəb olur.

Diqqətəlayiq haldır ki, sənaye zonalarının, biznes-inkubatorların, indi həmçinin sənaye məhəllələrinin inkişafında Azərbaycanın payı müasir qlobal tendensiyaya tamamilə uyğundur. Azərbaycan prinsip etibarilə istehsal güclərinin konsentrasiyasının yeni mexanizmlərini tətbiq edir: ölkədə sənaye parklarının bir neçə müxtəlif profilləri formalaşdırılıb və biznes-inkubatorlar yaradılır. Həm də bu strukturlar yeni məsələlərin həllinə yönəlib. Belə ki, sənaye zonaları, ilk növbədə, nisbətən böyük zavodların və fabriklərin lokallaşdırılması üçün nəzərdə tutulub, həmçinin məhsulun xarici bazarlara çatdırılmasına hesablanmış kütləvi istehsalın açılmasına hədəflənib. Biznes-inkubatorların məsələsi bir qədər başqadır. Burada İKT sektorunun inkişafı üçün nəzərdə tutulmuş biznes-ideyaların irəlilədilməsi güman edilir, elmi ağırlıqlı istehsalın və ya innovativ xidmət, elmi araşdırmalar, kənd təsərrüfat, sənaye, xidmətlər və s. sahəsində təşəbbüslərin inkişafı nəzərdə tutulur.

Son vaxtlar fəal surətdə Azərbaycanda sənaye parkları yaradılır və artıq Balaxanı və Sumqayıt sənaye parkları, eləcə də Yüksək Texnologiyalar Parkı təşkil edilib. Eləcə də Gəncədə və Mingəçevirdə, Bakının Qaradağ rayonunda müasir sənaye şəhərciklərinin təməlinin qoyulması planlaşdırılır.

Ənənəvi texnologiya parklarından fərqli olaraq, sənaye məhəllələri təhsil strukturlarının, biznesin və laboratoriyaların mərkəzinə çevrilir. Belə mərkəzlər Barselonada, Bostonda, Filadelfiyada, Hamburqda və digər şəhərlərdə yaradılır.

Ümumilikdə, Azərbaycanda sənaye məhəllələrinin formatı elə olacaq ki, onlar ölkənin kiçik rayonlarında da yaradıla bilsin. Əvvəlcə onların Azərbaycanın hər bir iqtisadi rayonunda, daha sonra isə ölkənin başqa regionlarında yaradılması planlaşdırılır. Artıq Neftçalada ilk sənaye məhəlləsinin yaradılmasına hazırlığa başlanılıb.

Sənaye məhəllələrinin başlıca üstünlüyü ondan ibarətdir ki, sahibkar öz müəssisəsi üçün infrastrukturun yaradılmasına vəsait sərf etməyəcək.

Sahibkarlara istehsalat xətti quraşdırmaq və məhsul istehsalına başlamaq üçün xüsusi müəssisə ayrılacaq. Əsas hədəf ondan ibarətdir ki, sahibkarlar az vəsait sərf etməklə öz fəaliyyətlərinə başlaya bilsinlər.

Beləliklə, sənaye məhəllələri Azərbaycanın sənaye potensialının inkişafı zəncirində növbəti halqa olacaq və qeyri-neft sektorunun hesabına ölkənin ixrac strukturunun dəyişdirilməsinə nail olmaqda ciddi kömək edəcək.

Bütün bu tədbirlər dövlət tərəfindən dəstəklənəcək, həmçinin yerli özəl və birbaşa əcnəbi investisiyaların, beynəlxalq qurumların və xarici ölkələrin texniki və maliyyə yardımını cəlb edilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti