...

Bakı Asiya İnkişaf Bankının illik toplantısına hazırdır (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Aprel 2015 20:27 (UTC +04:00)
AİB prezidenti Takehiko Nakao illik toplantı üçün yaradılan şəraiti yüksək qiymətləndirib.
Bakı Asiya İnkişaf Bankının illik toplantısına hazırdır (FOTO)

Azərbaycan, Bakı, 30 aprel /Trend/

Bu gün Azərbaycanın maliyyə naziri Samir Şərifov Bakı şəhərində keçiriləcək Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci illik toplantısında iştirak etmək üçün Azərbaycana səfər edən bankın prezidenti Takehiko Nakaonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə qlobal makroiqtisadi proseslər, onların Azərbaycan iqtisadiyyatına təsirləri barədə fikir mübadiləsi aparılıb, Azərbaycanla Asiya İnkişaf Bankı arasında uğurlu əməkdaşlığın bariz nümuməsi kimi bankın Rəhbərlər Şurasının illik toplantısının Bakı şəhərində keçirilməsi məmnunluqla qeyd olunub. Ölkəmizin davamlı iqtisadi inkişafını qeyd edən T.Nakao Azərbaycanın sürətlə dəyişərək inkişaf etdiyini, əhalinin rifah halının yüksəldiyinin şahidi olduqlarını ifadə edib. Eyni zamanda, etibarlı tərəfdaşlar kimi AİB ilə Azərbaycan arasında birgə həyata keçirilən layihələrin əhəmiyyəti qeyd olunub, bu əməkdaşlığın digər sahələrdə də genişlənəcəyinə əminlik ifadə edilib.

Sonra AİB prezidenti Maliyyə Nazirliyinin muzeyi ilə tanış olub və xatirə kitabına ürək sözlərini yazıb.

Daha sonra AİB-in Rəhbərlər Şurasının hazırkı sədri S.Şərifov və bankın prezidenti T.Nakao AİB-nın illik toplantısının keçiriləcəyi Bakı Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzində Rəhbərlər Şurasının əsas iclasının, seminarların və panel müzakirələrin keçiriləcəyi sahələri, həmçinin mətbuat mərkəzini gəzərək son hazırlıq işlərinin gedişi ilə tanış olub, Qeydiyyat Mərkəzinə gələrək öz yaxa kartlarını götürüblər. AİB prezidenti ev sahibi kimi Azərbaycan hökuməti tərəfindən yaradılan şəraiti yüksək qiymətləndirib.

"İnkişaf naminə tərəfdaşlığın gücləndirilməsi" devizi altında 2-5 may tarixlərində keçiriləcək AİB Rəhbərlər Şurasının 48-ci illik toplantısında 3 minə yaxın iştirakçının, o cümlədən üzv ölkələrin maliyyə nazirləri və digər hökumət rəsmilərinin, habelə mərkəzi bank rəhbərləri ilə yanaşı, özəl sektor, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti nümayəndələrinin, eləcə də tanınmış alimlər, ekspertlər, gənclər və KİV nümayəndələrinin iştirak edəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti