...

Türkiyədən Azərbaycana ət idxalına 1 il məhdudiyyət qoyulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2015 17:24 (UTC +04:00)
Türkiyənin bəzi rayonlarından mal-qara və heyvan mənşəli məhsulların idxalına qoyulmuş məhdudiyyət karantin müddəti başa çatdıqdan bir il sonra tam aradan qaldırılacaq.
Türkiyədən Azərbaycana ət idxalına 1 il məhdudiyyət qoyulub

Bakı. Ənvər Məmmədov - Trend:

Türkiyənin bəzi rayonlarından mal-qara və heyvan mənşəli məhsulların idxalına qoyulmuş məhdudiyyət karantin müddəti başa çatdıqdan bir il sonra tam aradan qaldırılacaq.

Bunu Trend-ə Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.

Onun sözlərinə görə, bu, dabaq epidemiyasının aşkarlanması zamanı nəzərdə tutulmuş normal prosedurdur: "Dabaq epidemiyası aşkar ediləndə ölkə, adətən, 21 gün davam edən karantin elan edir. Bundan sonra Beynəlxalq Epizootik Bürosu karantinin başa çatmasını elan edir, lakin epidemiyanın aşkarlandığı ərazidən mal-qaranın, onların ətləri və ya bu ətdən istehsal edilmiş məhsulların idxalı 1 il ərzində məhdudlaşdırılır".

Beynəlxalq Epizootik Bürosu ötən həftə Türkiyədə dabaq epidemiyasının aşkarlanması barədə məlumat yaymışdı.

Dövlət Xidmətindən bildiriblər ki, Azərbaycanda dabaq və digər infeksiya xəstəlikləri ilə bağlı epizootik vəziyyət sabitdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti