Bakı. Trend:
2017-ci ilin ötən dövrü ərzində 1056 sahibkarlıq subyektinin ümumi dəyəri 267 milyon manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə 72,5 milyon manat güzəştli kredit verilib.
İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, bu barədə Qusarın Aşağı İmamqulu kəndində keçirilən işgüzar forumda bildirilib.
İşgüzar forum çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 226 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, bağçılıq, mineral su istehsalı və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 40-a yaxın yeni iş yerinin açılmasına imkan yaradır.
Ümumilikdə, indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2400-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 186,5 milyon manat güzəştli kredit (bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla) verilib.
İşgüzar forum çərçivəsində Qusarda güzəştli kredit ayrılmış intensiv bağçılıq təsərrüfatına baxış keçirilib.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyinın Sahibkarlığa Kömək Milli Fondu tərəfindən indiyədək 1300-dən çox sahibkarın bağçılıq təsərrüfatlarının yaradılması ilə bağlı investisiya layihəsinin maliyyələşdirilməsinə 73 milyon manat güzəştli kredit verilib.