Bakı. Sara İsrafilbəyova - Trend:
Beynəlxalq İnkişaf Assosiasiyasının (BİA) aprel ayında keçiriləcək toplantısında Azərbaycanın yoxsul ölkələrə donor qismində nə qədər vəsait ayıracağı müəyyən olunacaq.
Bunu Trend-ə özəl müsahibəsində Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon deyib.
Regional direktor yoxsul ölkələrə göstərdiyi dəstək və yardıma görə Azərbaycana minnətdarlığını bildirib:
"Azərbaycan da 1992-ci ildə Dünya Bankına yenicə qoşulanda yoxsul ölkə idi. Bu gün isə Azərbaycan dövləti bir çox sahələrdə əhəmiyyətli dərəcədə uğurlar əldə edib və yoxsul ölkələrə öz yardımını təklif edir. Biz buna görə çox şadıq və Azərbaycana minnətdarıq".
Azərbaycanın Dünya Bankının strukturuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) və Beynəlxalq Maliyyə Korporasiyası (BMK) kimi institutlarda səhmlərinin artırılması məsələsinə gəldikdə M.Tembon qeyd edib ki, ölkə buna öz razılığını verib və zəruri sənədləri imzalayıb:
"Ən əsas məsələ razılaşmanın əldə olunması və Azərbaycanın razılığının alınması idi. Buna da nail olmuşuq. Ancaq biz ölkənin öz payını nə qədər artıracağını bilmirik. Bu, uzun prosesdir və 10 ilə yaxın vaxt apara bilər".