...

Azərbaycanla İran beynəlxalq yükdaşımalara dair protokol imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 May 2021 12:35 (UTC +04:00)
Azərbaycanla İran beynəlxalq yükdaşımalara dair protokol imzalayıb

Bakı. Ceyhun Ələkbərov - Trend:

Təbrizdə Azərbaycan və İranın yol və nəqliyyat rəsmilərinin iştirakı ilə 2 günlük iclas keçirilib.

Trend-in məlumatına görə, iclasa İran tərəfindən Yol və Şəhərsalma Nazirliyinin Tranzit və Nəqliyyat idarəsinin baş direktoru Cavad Hidayəti, Azərbaycan tərəfindən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov başçılıq ediblər. İran tərəfinin təklifinə əsasən görüşdə Naxçıvan Muxtar Respublikasının Nəqliyyat və Gömrük qurumlarının nümayəndələri də iştirak edib.

Həbib Həsənov öz çıxışında Azərbaycan milli avtodaşıyıcılarının mənafelərinin və avtonəqliyyat xidmətləri bazarının qorunması, onların rəqabətlilik qabiliyyətlərinin artırılması, sərhəd-keçid məntəqələrində “İcazə sistemi”nin təkmilləşdirilməsi haqqında layihə barədə məsələlərə aydınlıq gətirib. Həmçinin əmtəə-nəqliyyat qaiməsinin elektron tətbiqinin beynəlxalq avtomobil daşımaları sahəsində yaradacağı üstünlüklər barədə müzakirələr aparılıb. Eyni zamanda, tərəflər arasında nəzarət prosedurlarının keyfiyyətinin yüksəldilməsi və daşımaların idarəedilməsi, izlənməsi və çatdırılması zəncirinin yaxşılaşdırılması barədə danışıqlar aparılıb.

Cavad Hidayəti hər iki ölkənin birgə beynəlxalq dəhlizlər vasitəsi ilə yükdaşımaların artırılması və ikitərəfli daşıma münasibətlərinin yüksəldiməsi üzrə razılıq əldə olunmasının zəruriliyini vurğulayıb.

İclasda beynəlxalq yükdaşıma şirkətlərinin qarşısında duran məsələlər də araşdırılıb. Yükdaşıma xərclərinin azaldılması və iki ölkənin sərhəd terminallarının qaydaları, beynəlxalq avtomobil daşımalarının ümumi vəziyyəti, statistik məlumatların mübadiləsi, yük daşımaları və icazə blanklarının kontingenti, sərhəd keçid məntəqlərində hər iki ölkənin nəqliyyat vasitələrinə tətbiq olunan vergi və rüsumların miqdarı eyni zamanda digər məsələlər, o cümlədən cari ilin birinci rübü ərzində Naxçıvan Muxtar Respublikasının ərazisindən tranzit keçərək Türkiyə və Avropaya gedən İran İslam Respublikasına məxsus nəqliyyat vasitələrinin kəskin artması, avtodaşıyıcıların qarşılaşdıqları problemlər və onların həlli yolları, daşımaların inkişaf perspektivləri və aktual məsələlər müzakirə edilərək, müvafiq Protokol imzlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti