2006-cı ilin 11 ayı ərzində Azərbaycan Maliyyə Nazirliyinin sığorta nəzarəti şöbəsinə sığorta halları nəticəsində zərər çəkənlərdən sığorta ödənişləri üzrə 38 şikayət daxil olub.
Trend Maliyyə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, noyabr ayı ərzində 7 şikayət daxil olub. Onlardan 19-u üzrə (o cümlədən noyabrda - 4-ü üzrə) sığorta şirkətləri əsassız olaraq ödəniş etməkdən imtina ediblər. Nəzarət orqanının müdaxiləsindən sonra bu ərizələr üzrə ümumilikdə 41 642,53 manat (5378,53 manat) ödənilib.
Yanvar-noyabr aylarında Sığorta nəzarəti üzrə şöbə şirkətlərin lisenziyaların şərt və tələblərinə, eləcə də qanunvericiliyə uyğun olub-olmamasının yoxlanması zamanı aşkar edilib ki, daha 9 fakt üzrə sığortaçıları ödəniş etməkdən imtina ediblər. Nəticədə sığorta hallarından zərər çəkənlərə ümumilikdə 7130 manat ödənilib.
Ümumilikdə, hesabat dövründə Maliyyə Nazirliyinin sığorta şöbəsi sığorta halları üzrə 48 772,53 manatın ödənilməsini təmin edib. Bu hallar üzrə sığorta şirkətləri əsassız olaraq ödəniş etməkdən imtina ediblər.