...

Azərbaycan hökuməti Belarusa qida məhsulları üçün anbarların tikintisində iştirak etməyi təklif edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 May 2007 14:09 (UTC +04:00)
Azərbaycan hökuməti Belarusa qida məhsulları üçün anbarların tikintisində iştirak etməyi təklif edib

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/Azərbaycan hökuməti Bakı ətrafında qida məhsullarının saxlanması üçün böyük soyuducuların tikintisi haqqında qərar qəbul edib. Bu barədə cümə axşamı Bakıda Belarusun hökumət nümayəndə heyəti ilə görüşdə iqtisadi inkişaf naziri Heydər Babayev məlumat verib.

Onun sözlərinə görə, bu dövlət müəssisəsi olacaq, lakin anbarlar kommersiya strukturlarının idarəsinə veriləcək. Həmçinin idarəetmənin xarici kommersiya strukturlarına da verilməsi mümkündür. Babayev bu layihədə Belarus müəssisələrinin iştirak imkanını da nəzərdən keçirməyi təklif edib.

"Bu gün Azərbaycanda ərzaq məhsullarının saxlanmasında böyük problemlər var, buna görə də hökumət anbarların tikilməsini zəruri hesab edir" - deyə nazir bildirib.

Ərzaq təhlükəsizliyi məqsədilə İqtisadi İnkişaf Nazirliyi həmçinin anbara yığılacaq qida məhsullarının siyahısını hazırlayır.

"Azərbaycan bazarında keyfiyyətli ət-süd məhsulları var, lakin məişət-təsərrüfat məhsulları yoxdur. Belarusun təsərrüfat məhsullarına böyük tələbat var və sovet dövründə Azərbaycan həmin məhsulların əsas tədarükçüsü kimi çıxış edirdi" - deyə o bildirib.

Belarusun ticarət naziri Aleksandr İvankov Azərbaycanda qənd məmulatları üzrə qalan boşluğu doldurmağı təklif edib.

"Bilirik ki, İmişlidə qənd zavodunun istismara verilməsindən sonra Azərbaycan qəndə olan tələbatını təmin edir, lakin kiçik boşluq qalır və biz sizə Belarus qəndini təklif edə bilərik. Bununla belə, uşaq qida məhsullarının tədarükünü artıra bilərik və ya Azərbaycan konsentratlarından şirələr hazırlaya bilərik" - deyə İvankov bildirib.

Babayev Belarusda Azərbaycan konsentratlarından hazırlanan şirələrin buraxılması ideyasını dəstəkləyib.

Xəbər lenti

Xəbər lenti