...

Aİ "Nabukko" qaz kəmərinin tikintisini məqsədəuyğun hesab edir, Almaniya XİN-in nümayəndəsi

Energetika Materials 13 Noyabr 2007 14:55 (UTC +04:00)
Aİ "Nabukko" qaz kəmərinin tikintisini məqsədəuyğun hesab edir, Almaniya XİN-in nümayəndəsi

Almaniya, Berlin / Trend , müxbir V.Şərifov/ "Nabukko" boru kəmərinin tikintisi Avropa İttifaqı (Aİ) ölkələrinin hər il qaza olan artan tələbatlarının təmin edilməsi üçün məqsədəuyğundur. Bu barədə Berlində Trend in müxbirinin sualını cavablandıran Almaniya XİN-in Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz üzrə xüsusi müvəkkili Xans-Diter Lukas bildirib.

"Almaniya hökuməti enerji marşrutunun tikintisi üçün siyasi zəmin yarada bilər" - deyə o bildirib.

O, "Nabukko" boru kəməri ilə qaz tədarükündə Qazaxıstan və Türkmənistanın iştirakının Aİ üçün vacibliyini qeyd edib.

"Azərbaycanın qaz ehtiyyatları var, lakin bu Aİ-nin (artan) tələbatının təmin edilməsi üçün kifayət etməyə bilər. Həmçinin İranın da qazı var, lakin bəzi siyasi məsələlər mövcuddur" - deyə Lukas söyləyib.

"Nabukko" qaz kəməri ilə qaz Azərbaycan və Mərkəzi Asiyadan Aİ-yə tədarük olunacaq. Qaz Mərkəzi Asiyadan "Nabukko"ya qədər planlaşdırıldığı kimi Xəzərin dibi ilə çəkiləcək Transxəzər qaz kəməri vasitəsilə çatdırıla bilər.

"Hazırda Aİ (mütəxəssisləri) transxəzər qaz kəmərinin çəkilməsi üçün texniki iqtisadi əsaslandırma üzərində iş aparır" - deyə o vurğulayıb.

Transxəzər qaz kəməri Qazaxıstan və ya Türkmənistanın Xəzər sahilindən qaz ehtiyyatlarının 6 trln. kubmetr təşkil edəcəyi proqnozlaşdırılan Azərbaycana qədər çəkilə bilər.

"Aİ və Türkmənistan arasında əməkdaşlığın yeni mərhələsi yaranıb. Hazırda Türkmənistan üçün energetika, kənd təsərrüfatı və təhsilin inkişafı çox mühümdür" - deyə Lukas bildirib.

Transxəzər qaz kəməri faktiki olaraq rəqabətli transxəzər qaz kəməri layihəsi ilə Xəzərdə çıxış edəcək və bu qaz kəməri Türkmənistandan Qazaxıstan vasitəsilə Rusiya ərazisinə qədər çəkilə bilər.

"Transxəzər qaz kəməri Rusiyaya qarşı yönəlməyib. Almaniya hazırda Rusiyadan 40 faizə qədər karbohidrogen alır. Lakin bu o demək deyil ki, biz karbohidrogen marşrutlarının diversifikasiyasına maraq göstərməməliyik" - deyə o bildirib.

"Nabukko" layihəsininoperatoru OMV şirkətidir və bu layihədə 20% iştirak payına malikdir.

Dörd min kilometr uzunluğa malik "Nabukko" qaz kəməri Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriya ərazisindən keçməklə Aralıq və Xəzər dənizində hasil olunan qazın Avropaya daşınmasını təmin edəcək. Kəmərin 2011-ci ildə istismara verilməsi planlaşdırılır. Layihənin dəyəri 5 mlrd. avro məbləğində qiymətləndirilir. "Nabukko"nun işlənməsi ilə Avstriyanın OMV, Macarıstanın MOL, Türkiyənin "Botas", Bolqarıstanın "Bulqarqaz" və Rumıniyanın "Transqaz" şirkətləri məşğul olur.

Xəbər lenti

Xəbər lenti