...

İsrail Misir qazını Azərbaycan qazı ilə əvəzləyəcək

Energetika Materials 12 İyun 2008 14:30 (UTC +04:00)

İsrail, Qüds, 12 iyun/ Trend , müxbir R.Abdullayev/ Misir hökumətinin İsrailə tədarük olunan təbii qazın qiymətinə yenidən baxılmasına dair bəyanatları fonunda, İsrail hökuməti ölkəyə təbii qaz tədarükçülərinin diversifikasiya edilməsini və onların sayının artırılması fikrini irəli sürüb. Bu barədə dünən İsrailin aparıcı işgüzar qəzetlərindən biri "Globs" məlumat verib.

Qəzetin məlumatına görə, ARDNŞ-ın nümayəndə heyəti yaxın həftələrdə "Şahdəniz" yatağından hasil edilən Azərbaycan qazının ixracı ilə əlaqədar İsrailin Milli İnfrastruktur Nazirliyinin mütəxəssisləri və nümayəndələri ilə görüşmək üçün bu ölkəyə səfər edəcək.

Qəzet yazır ki, ötən həftə İsrailin infrastruktur naziri Binyamin Ben Eliezer Bakıya səfəri zamanı Azərbaycan qazının ixracı sahəsində iki ölkə arasında danışıqları sürətləndirməyi xahiş edib.

"Globs" yazır ki, bu gün İsrailin aldığı neftin təqribən 20 faizini Azərbaycan tədarük edir.

İsrailin infrastruktur naziri Eliezer ötən həftə Trend -a eksklüziv müsahibəsində bəyan edib ki, İsrail 2012-ci ildən etibarən Azərbaycan qazının idxalı üzə uzunmüddətli saziş bağlamaq niyyətindədir. "Sazişin müddəti 20-30 ilədək ola bilər", - nazir qeyd edib və bildirib ki, İsrail tərəfinin hesablamalarına görə, bu ölkədə qazın istehlakı cari ildə 2-2,5 mlrd. kubmetrdən 12 mlrd. kubmetrədək artacaq.

Azərbaycan 2012-ci ildən "Şahdəniz" layihəsi çərçivəsində "Mərhələ-2"nin reallaşdırılmasına başlamağa ümid edir. Ölkədə qaz hasilatının ildə 20 mlrd. kubmetrədək artırılacağı güman edilir.

Xəbər lenti

Xəbər lenti