...

Amerika qoxulu Qazaxıstan nefti: "ChevronTexaco" Azərbaycanı seçdi

Energetika Materials 13 Oktyabr 2008 13:37
Amerika qoxulu Qazaxıstan nefti: "ChevronTexaco" Azərbaycanı seçdi

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 13 oktyabr/ Trend , müxbir S.Əliyev/ Cari ilin oktyabr ayının ikinci yarısından Azərbaycan tərəfindən Xəzər regionu və Qara dəniz hövzəsi ölkələri vasitəsilə həyata keçirilən enerji siyasətinin yeni mərhələsi başlayacaq.

BTC layihəsinin operatoru olan "BP Azerbaijan" şirkətindən bildiriblər ki, oktyabrdan Bakı-Tibilsi-Ceyhan (BTC) boru kəməri üzrə "Tengizşevroyl"un "Tengiz" yatağından hasil etdiyi Qazaxıstan neftinin nəqlinə başlanması gözlənir.

"ChevronTexaco" (operator "Tengiz") quru yatağından hasil edilən nefti dəmir yolu vasitəsilə Qazaxıstanın Xəzər Aktau limanına tədarük edəcək, daha sonra xammal oradan tankerlərlə Bakıya ixrac olunacaq. Neft Bakı limanından BTC boru kəmərinə girişin olduğu Səngəçal terminalına (operator BP) tədarük olunacaq, həmçinin dəmir yolu ilə Gürcüstanın qara dəniz limanlarına göndəriləcək.

"ChevronTexaco" ilə danışıqlara yaxın olan məlumatlı mənbədən bildirilb ki, şirkət üçün Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql üzrə tariflər bir barel üçün 4 ABŞ dolları təşkil edəcək ki, bu da bu marşrut üzrə xammal nəqli üçün iqtisadi cəhətdən cəlbedici göstəricidir. "ChevronTexaco" Unocal-ın biznesini əldə etdikdən sonra Bakı-Tbilisi-Ceyhan boru kmərində iştirakın 8,9 faizinə sahib olub.

Hazırda "ChevronTexaco" öz neftini Xəzər borukəməri konsorsiumunun (XBK) neft kəməri vasitəsilə Novorossiysk limanınadək tədarük edir. 2007-ci ildə "Tengizşevroyl" 13,9 million ton neft hasil edib ki, bunun da 12,8 mln. tonu XBK ixrac boru kəməri ilə və Novorossiysk limanına tədarük olunub. Neftin bir hissəsi dəmir yolu ilə Odessaya göndərilib.

Şirkət bu ilə olan proqnozlara əsasən, neft hasilatını 1,5-2 dəfəyədək artırmaq niyyətindədir ki, bu da xammalın nəqli üçün yeni marşrutların mövcudluğuna zərurət yaradır. Azərbaycan belə bir marşrutlardan olub. Neftin BTC boru kəməri ilə nəqlindən başqa, şirkət məhsulları dəmir yolu vasitəsilə də Azərbaycandan keçməklə Gürcüstanın Qara dəniz Batumi və Kulevi limanlarına nəql etmək niyyətindədir.

Belə olan halda, skeptiklərin Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri üzrə Azərbaycan ərazisindən nəql marşrutunun cəlbedici olmamasına dair bəyanatları tamamilə əsassız olur. Bununla yanaşı "Chevron" neftinin bu marşrut üzrə nəqlinə başlanması yalnız birinci mərhələ olacaq. Qazaxıstanın "Kaşaqan" yatağının işlənməsində iştirak edən BTC boru kəmərinin dörd səhmdarına məxsus olan həcmə də zəmanət verilir.

BTC layihəsinin səhmdarı olan dörd şirkət (ENI, INPEX, ConocoPhillips və Total) Qazaxıstanın "Kaşaqan" yatağında fəaliyyət göstərir və BTC neft kəmərində 15 faizlik iştirak payına malikdir. Bu o deməkdir ki, şirkətlər boru kəməri (Boru kəmərinin layihə üzrə nəql gücü sutkada 1 mln.barel neft təşkil edir) ilə sutkada təqribən 150 min barel neft nəql edəcək.

Yanvar ayında Astana Qazaxıstanın Neft Nəqli üzrə Xəzər Sisteminin (KCTS) yaradılmasına dair sənəd imzalayıb. Sənədə əsasən, neft BTC boru kəmərinə nəql olunacaq. Onun dəyəri 3 mlrd. ABŞ dolları qiymətləndirilir. KCTS Xəzərin Qazaxıstan sahilində yerləşən terminallar, Kurık limanınadək olan boru kəməri və tanker donanmasından ibarət olacaq.

Nəql sistemininn yaradılmasına KCTS-in təsis edilməsinə dair memorandum imzalayan "Kaşaqan" və "Tengiz" layihələrinin iştirakçıları sərmayə yatıracaqlar.

Qazaxıstanın qərbində yerləşən Atırau vilayətinin Tengiz və Kral neft-qaz yataqlarını 1994-cü ildən Qazaxıstanın iri neft hasilatı müəssisəsi olan "Tengizşevroyl" BM istismar edir. Qazaxıstanda hasil edilən neftin təqribən dördə biri onun payına düşür. "Tengizşevroyl" BM-nın səhmdarları: Amerikeanın "ChevronTexaco Overseas" şirkəti (50 faiz), "ExxonMobil Kazakhstan Ventures Inc." şirkəti (25 faiz), Qazaxıstanın milli neft-qaz şirkəti "KazMunayQaz" (20 faiz), Rusiya-Amerika "LUKArco" Birgə Müəssisəsi - 5 faiz. Tengiz neft yatağı 1979-cu ildə açılıb. Son qiymətləndirmələrə görə, bu yatağın çıxarılan neft ehtiyatları 1,125 mlrd. ton təşkil edir. Ümumi tədqiq edilən ehtiyatları isə təqribən 3,133 mlrd. tona bərabərdir.

BTC neft kəmərinin ümumi uzunluğu 1768 km-dır. Boru kəmərinin 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan; 1076 km-i isə Türkiyə ərazisindən keçir. Boru kəmərinin tikintisinə 2003-cü ilin aprel ayında başlanılıb, neftlə doldurulması isə 2005-ci il mayın 18-da həyata keçrilib.

BTC-nin tikintisi 4 mlrd. dollara başa gəlib. Tikinti işləri, boru kəmərinin doldurulması, maliyyə xərcləri və bank faizlərinin ödənilməsi bu xərclərə daxil deyil. Maliyyə kreditinin ümumi məbləği 2,6 mlrd. təşkil edir.

"BTC Co"nun səhmdarları aşağıdakılardır: BP (30,1 faiz); "AzBTC" (25 faiz); "Chevron" (8,9 faiz); "StatoilHydro" (8,71 faiz); "TRAO" (6,53 faiz); "Eni" (5 faiz); "Total" (5 faiz); "Itochu" (3,40 faiz); "Inpex" (2,5 faiz); "ConocoPhillips" (2,50 faiz) və "Hess" (2,36 faiz).

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti