Azərbaycan, Bakı, 21 oktyabr/ Trend , müxbir V.Şərifov/ Azərbaycanın perspektivli dəniz strukturu "Yalama"nın işlənməsi üzrə xarici tərəfdaşlar - Rusiyanın LUKOYL və Fransanın "GDF Suez" şirkəti layihədə iştirak payının qismən satışına dair razılığın alınması üçün SOCAR-a müraciət ediblər. İştirak payının bir hissəsinin satışına dair saziş senytabrın əvvəlində imzalanıb. Bu barədə çərşənbə axşamı SOCAR-dan (Azərbaycan Dövlət Neft Şirkəti) məlumat verilib.
"Sənədlərin təsdiqi üçün təqribən 90gün lazımdır", - deyə SOCAR-dan bildiriblər.
Neft sənayesi ekspertləri qeyd edirlər ki, SOCAR layihənin kəşfiyyat xarakterli, geoloji və digər risklərə meyilli olması ilə əlaqədar "Yalama" layihəsində bu kimi pay satışlarına çətin ki, etiraz etsin. Layihənin 2011-ci ilədək davam edəcək kəşfiyyat dövrü ərzində SOCAR üçün sərmayələri "Yalama" üzrə xarici tərəfdaşlar yatırır.
Oktyabrın sonları - noyabrın əvvəlində "Yalama"da ikinci kəşfiyyat quyusunun qazılması planlaşdırılır. Qazma işləri Danimarkanın "Maersk" şirkətinə məxsus Heydər Əliyev adına qurğu ilə həyata keçiriləcək.
Sentyabrın əvvəlində LUKOYL Azərbaycanın "Yalama" layihəsində 15 faizlik iştirak payını Fransanın "GDF Suez" enerji holdinqinə satıb. Hazırda layihədə iştirak payları bu formadadır: iştirak payının 65 faizi LUKOYL, 20 faizi SOCAR və 15 faizi "GDF Suez" şirkətinə məxsusdur. LUKOYL və "GDF Suez" arasında baş tutan sövdələşmənin dəyəri açıqlanmır.
"Yalama" (D-222 bloku) strukturunun işlənməsi üzrə müqavilə 1997-ci il iyulun 3-də imzalanıb.
LUKOYL ilə SOCAR arasında D-222 bloku üzrə PSA tipli müqavilə 1997-ci il iyulun 3-də imzalanıb.
D-222 bloku "Yalama" strukturunun bir hissəsidir və sahildən 30 km məsafədə, 80 metrdən 700 metr dərinliyinə qədər Xəzərin Azərbaycan və Rusiya sektorlarında bərabər hissələrlə yerləşir.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]