...

Türkiyə Azərbaycandan qaz alışını artırmaq niyyətindədir – Türkiyə Baş nazirinin müşaviri

Energetika Materials 5 Fevral 2009 17:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 fevral / Trend / Türkiyə "Şahdəniz" dəniz qaz yatağının işlənməsinin ikinci fazası çərçivəsində qaz tədarükünü artırmaq niyyətindədir və bunun üçün müvafiq şərtləri müəyyənləşdirmək lazımdır. Bu barədə cümə axşamı Türkiyənin Baş nazirinin müşaviri, Türkiyə parlamentinin sənaye, ticarət, energetika, təbii ehtiyatlar, elm və texnologiyalar komissiyasının üzvü Taner Yıldız Bakıda Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev ilə görüş zamanı bildirib.

Nazirin sözlərinə görə, Azərbaycan Türkiyəyə qaz tədarükünün artırılması üçün əhəmiyyətli imkanlara malikdir. Əliyev bildirib ki, Azərbaycan öz qazının Türkiyə ərazisindən tranzit vasitəsilə Avropaya da tədarükünü həyata keçirmək niyyətindədir.

Yıldızın sözlərinə görə, Türkiyə Azərbaycanı türkmən qazının tədarükü üçün geniş qaz infrastrukturuna malik tranzit ölkə qismində görür.

"Şahdəniz" yatağının işlənməsinə dair müqavilə 1996-cı il iyunun 4-də imzlanıb. Layihə iştirakçıları bunlardır: BP (operator) - 25,5 faiz, Statoil Hydro - 25,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, LukAgip - 10 faiz, TPAO- 9 faiz, SOCAR - 10 faiz.

Yataqda ümumi qaz ehtiyatları 1,2 trln. kubmetr qiymətləndirilir.

Bu yataqda hasilata 2006-cı  ilin dekabrından başlanılıb. Hazırda "mavi yanacaq" Cənubi Qafqaz  boru kəməri vasitəsilə Gürcüstan və Türkiyəyə nəql olunur. Azərbaycan da qaz alıcısı qismində çıxış edir.

Yatağın işlənilmə layihəsinin birinci mərhələsi çərçivəsində ildə 9 mlrd. kubmetrdən çox qaz hasil ediləcəyi güman olunur. Reallaşdırılmasına 2012-ci ildə başlanacaq ikinci mərhələ çərçivəsində hasilat  20 mlrd. kubmetrədək artırlacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti