Azərbaycan, Bakı, 1 aprel /Trend/
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyi yenidənqurma və modernləşdirmə proqramının həyata keçirilməsi və layihənin konsepsiyasının hazırlanması üçün bu sahədə kifayət qədər təcrübəyə malik tanınmış Avropa şirkətləri ilə danışıqlar aparır. Bu barədə ARDNŞ-nin məlumatında deyilir.
İntensiv olaraq keçirilən görüş və müzakirələr zamanı Bakı şəhərinin, ətraf qəsəbə və kəndlərin, habelə Abşeron rayonunun qaz təchizatı sistemi xüsusilə diqqət mərkəzində saxlanılır.
Ölkənin əsas qaz istehlakçılarının yerləşdiyi bu arealın təchizat sistemlərində islahat perspektivləri təhlil olunur, zəruri texniki və idarəetmə tədbirlərinin həyata keçirilməsi, müasir texnologiyaların tətbiqi ilə bağlı geniş fikir mübadilələri aparılır.
Bakının qaz təchizatı sisteminin yenidənqurma və modernləşdirmə konsepsiyasında mövcud təsərrüfatın idarəetmə sturukturunun və texniki xidmətin təkmilləşdirilərək Avropa standartlarına uyğunlaşdırılması məsələsi əsas götürülüb.
Şəbəkənin mərhələlərlə, müasir dövrün tələblərinə uyğun şəkildə yenidən qurulması, modernləşdirilməsi, yeni yaşayış massivlərinin qazlaşdırılması, qaz təchizatının etibarlılığının və dayanıqlılığının təmin edilməsi üçün dairəvi qaz təchizatı sisteminin tətbiq olunması konsepsiyanın prioritet istiqamətlərini təşkil edir.
Hazırda fərdi qaztənzimləyicilərin quraşdırılması ilə istehlakçıların qaz təchizatının ortatəzyiqli qaz kəmərləri vasitəsilə həyata keçirilməsi, qazpaylayıcı şəbəkələrin genişləndirilməsi və müasirləşdirilməsi, yerüstü şəbəkələr əvəzinə polietilen borulardan ibarət yeraltı şəbəkələrin tikintisinin aparılması müzakirə olunur.
Konsepsiyanın başlıca prinsipləri sırasında mərkəzləşdirilmiş çevik nəzarət və ölçü-qeydiyyat sisteminin yaradılması, informasiya texnologiyalarının tətbiq edilməsi, qəza-dispetçer xidmətinin təkmilləşdirilməsi və modernləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi, əhali abonentlərində təbii qaz uçotunun yalnız "smart-kart" tipli qaz sayğacları ilə aparılması və s. mühüm yer tutur.
Layihənin icrasına konsepsiyanın təsdiq olunmasından sonra başlanılması nəzərdə tutulur.
Qazanılan təcrübə gələcəkdə respublikanın digər regionlarında modernləşdirmə və yenidənqurma işlərinin aparılmasında əsas götürüləcək.