...

AGRI layihəsi Avropanın müxtəlif ölkələrinə qaz tədarükünə imkan verəcək - nazir

Energetika Materials 13 Sentyabr 2010 15:10 (UTC +04:00)
AGRI qaz nəqliyyatı layihəsi (Azerbaijan, Georgia, Romania İnterconnector) nəinki Rumıniya, eləcə də Macarıstan, Bolqarıstan və digər Avropa ölkələri, həmçinin, Türkiyəyə qazın tədarükünə imkan yaradacaq. Bu barədə bazar ertəsi Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev deyib.
AGRI layihəsi Avropanın müxtəlif ölkələrinə qaz tədarükünə imkan verəcək - nazir

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir E.İsmayılov/

AGRI qaz nəqliyyatı layihəsi (Azerbaijan, Georgia, Romania İnterconnector) nəinki Rumıniya, eləcə də Macarıstan, Bolqarıstan və digər Avropa ölkələri, həmçinin, Türkiyəyə qazın tədarükünə imkan yaradacaq. Bu barədə bazar ertəsi Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev deyib.

Əliyevin sözlərinə görə, Macarıstan və Ukrayna da layihəyə maraq göstərirlər.

Nazirin sözlərinə görə, layihənin gücü üç variantda nəzərdə tutulur - ildə iki milyard kubmetr qaz, beş milyard kubmetr və səkkiz milyard kubmetr.

İlkin məlumatlara görə, layihənin gücündən asılı olaraq, onun dəyəri 1,2 milyardla 4,5 milyard avro arasında dövr edir.

"Hər şey kapital qoyuluşu, əməliyyat xərcləri və yaradılacaq iş rejiminin gəlirliliyindən asılı olacaq. Rejim nə qədər liberal olsa, biz bir o qədər yaxşı şərtlərlə vəsaitlər cəlb edə bilərik", - Natiq Əliyev deyib.

Nazirin sözlərinə görə, layihənin nəzərdə tutulmuş gerçəkləşmə müddəti 20 ay təşkil edir, lakin son güc, müddət və investisiyaların həcmi haqqında yalnız texniki-iqtisadi əsaslara hazırlığın yekunlarından sonra danışmaq olar. Azərbaycan- Gürcüstan-Rumıniya birgə müəssisəsi layihəni həyata keçirəcək və onların hər biri bərabər pay alacaqlar. Lakin onun sözlərinə görə, layihədə hər hansı digər ölkənin iştirakı münasibətləri dəyişə bilər.

"Mövcud layihəyə "Nabucco" layihəsinə rəqib kimi baxmaq olmaz. Çünki "Nabucco", ilk növbədə, bir neçə ölkənin birləşdiyi böyükhəcmli qaz layihəsidir", - Natiq Əliyev bildirib.

İlin sonuna qədər Rumıniya və Macarıstan qaz nəqliyyatı şəbəkələrinin birləşdirilməsi üzrə işlər başa çatacaq ki, bu da qazı bu ölkələr vasitəsilə Avropanın qazpaylayıcı mərkəzi olan Baumqartenə (Avstriya) nəql etməyə imkan verəcək. Bu barədə Azərbaycanın sənaye və energetika naziri deyib.

Bu gün Bakıda AGRI layihəsi üzrə Azərbaycan, Gürcüstan və Rumıniyanın energetika nazirlərinin görüşü keçirilib.

Sabah Bakıda Azərbaycan, Gürcüstan və Rumıniya rəhbərlərinin görüşünün keçirilməsi gözlənilir ki, bu görüşün yekunlarına əsasən, AGRI layihəsi üzrə Bakı bəyannaməsi imzalanacaq.

AGRI - Azərbaycan-Gürcüstan-Rumıniya maye qazının Avropaya nəqli üzrə layihədir.

Mayın 12-də Azərbaycan, Rumıniya və Gürcüstan Tbilisidə bu layihənin gerçəkləşməsi üzrə birgə müəssisənin yaradılması barədə protokol imzalayıblar. Birgə müəssisə mövcud layihənin icraçısı kimi çıxış edəcək, podratçı şirkətin seçilməsi və maliyyələşdirmənin cəlb edilməsi üzrə tenderin elan olunması üçün bütün lazımi tədbirləri görəcək.

Aprelin 13-də tərəflər "Maye qaz və onun nəqli sahəsində əməkdaşlıq haqqında" memorandum imzalayıblar.

Azərbaycan maye qazının Rumıniyaya nəqli layihəsi maye qaz üçün iki terminalın inşasını - Gürcüstan və Rumıniyaya nəzərdə tutur. İlkin məlumatlara görə, layihənin dəyəri 4-6 milyard avro təşkil edir.

Layihə Azərbaycan qazının Gürcüstanın Qara dəniz sahilində qaz kəməri üzrə nəqlini nəzərdə tutur ki, bu qaz da xüsusi terminalda mayeləşdirilərək, tankerlərlə Rumıniyanın Konstant limanı terminalında nəql olunacaq. Gələcəkdə maye qaz təbii qaz halına gətirilərək, Rumıniya və digər Avropa ölkələrinin qaz tələbatını ödəmək üçün istiqamətlənəcək.

Xəbər lenti

Xəbər lenti