...

Azərbaycanın daxili bazarında neft məhsullarının satışı artıb

Energetika Materials 15 Dekabr 2010 16:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 dekabr /Trend/

Yanvar-noyabr aylarında Azərbaycanın daxili bazarına 3,6 milyon neft məhsulları göndərilib ki, 2009-ci ilin analoji dövründəki göstəricidən 3,8 faiz çoxdur. Bu barədə ölkənin Dövlət Statistika Komitəsindən məlumat veriblər.

Neft məhsullarının ümumi həcmindən 961,7 min ton daxili bazarda ən çox satılan avtomobil benzininin payına düşüb. Bu dövrdə benzin ötən ilin yanvar-noyabrında olduğundan 6,3 faiz çox satılıb. Azərbaycanın daxili bazarında 1 ton A-92 markalı benzinin topdansatış qiyməti (təchizata çəkilən xərclər və ƏDV nəzərə alınmaqla) 670 manat, A-95 markalı benzinin qiyməti isə 736 manat təşkil edir. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, yanvar-noyabrda Azərbaycanın "Azpetrol" şirkəti realizə edilməsi üçün təxminən 435,65 min ton, "LUKoil" 150 min tondan artıq, "SOCAR Petroleum" isə 194,2 min ton avtomobil benzini alıb.

Yanvar-noyabrda daxili bazarda 823,8 min ton dizel yanacağı satılıb ki, bu da ötən ilin analoji dövr göstəricisindən 15,7 faiz çoxdur. Azərbaycanın daxili bazarında 1 ton dizel yanacağının qiyməti (təchizata çəkilən xərclər və ƏDV nəzərə alınmaqla) 485 manat təşkil edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, "Azpetol" bu həcmdən 199,36 min ton, "LUKoil" təxminən 91,44 min tona yaxın alıb. Bu dövrdə "SOCAR Petroleum" şirkətinə 83 min tona yaxın dizel yanacağı göndərilib.

Hazırda "Azpetrol" şirkəti Azərbaycanda 70 yanacaqdoldurma məntəqəsinə (YDM) malikdir, onlardan 66-sı benzindoldurma, 4-ü qazdoldurma stansiyasıdır. Yanacağın keyfiyyətinin yaxşılaşdırılması, yanacaqdoldurma məntəqələrinin fasiləsiz işinin təmin olunması və müştərilərə göstərilən xidmətin yaxşılaşdırılması məqsədilə 1999-cu ildə beynəlxalq standartlara cavab verən, ümumi tutumu 7 min ton olan neft bazası və avtopark istismara verilib. Hazırda "Azpetrol"un avtoparkında şirkətin yanacaqdoldurma məntəqələrini yanacaqla təmin edən tutumu 17 tondan 42 tonadək olan 110 benzindaşıyan avtomobil var. Ölkədəki YDM-lərin təxminən 15 faizi "Azpetrol"a məxsusdur, şirkətin bazarın müvafiq sektorunda payı 50%-dən artıqdır.

Yanvar-noyabrda daxili bazarda 241,1 min ton yanacaq mazutu reallaşdırılıb ki, bu da ötən ilin müvafiq dövr göstəricisindən 9,9 faiz azdır. Cari ilin yanvar-noyabrında Azərbaycanın daxili bazarında 1 ton M-40 mazutunun qiyməti (təchizata çəkilən xərclər və ƏDV nəzərə alınmaqla) 100 manat olub.

Bu dövrdə 443,2 min ton aviasiya kerosini satılıb ki, bu da 2009-cu ilin eyni dövründəki göstəricidən 27,1 faiz çoxdur. Azərbaycanın daxili bazarında 1 ton aviasiya kerosininin qiyməti (təchizata çəkilən xərclər və ƏDV nəzərə alınmaqla) 307 manatdır.

Yanvar-noyabrda daxili bazarda 209,3 min ton neft bitumu satılıb. Bu, 2009-cu ilin analoji dövr göstəricisindən 0,5 faiz azdır. Azərbaycanın daxili bazarında BN 60/90 markalı bitumun 1 tonunun (təchizata çəkilən xərclər və ƏDV nəzərə alınmaqla) qiyməti 160 manatdır.

Yanvar-noyabrda daxili bazarda 73,8 min ton mayeləşdirilmiş qaz (LPG) satılıb ki, bu da 2009-cu ilin yanvar-noyabrındakı göstəricidən 6,8 faiz azdır.

Daxili bazarda 798,8 min ton həcmində digər neft məhsulları satılıb ki, bu da 2009-cu ilin yanvar-noyabrında qeydə alınan göstəricidən 11 faiz azdır.

Xəbər lenti

Xəbər lenti