Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir E.İsmayılov/
"Bakıelektrikşəbəkə" SC 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı günlərində gücləndirilmiş iş rejimində işləyəcək. Bu barədə SC-nin cümə günü yaydığı məlumatda deyilir.
Elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədilə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndiriləcək.
Abonentlərin bayram günlərində fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təchiz olunması üçün əlavə maşın-mexanizmlər, texniki qüvvə və növbətçilik qaydaları, eləcə də avadanlıq və material ehtiyatı təmin edilib.
"Bakıelektrikşəbəkə" ASC abonentlərini əmin edir ki, bu qış elektrik enerjisi təchizatı daha keyfiyyətli və dayanıqlı olacaq. Bunun üçün əsas son dörd il ərzində elektrik şəbəkəsində təmir-bərpa və yenidənqurma işlərinin aparılmasıdır. Görülən işlərin nəticəsində elektrik enerjisinin gücü 53 faiz artaraq 4808 meqavat-amper təşkil edib.
SC abonentlərdən xahiş edir ki, yarana biləcək hər hansı problemlər haqqında "199 - Qəza Xidməti"nə zəng vuraraq məlumat versinlər. Yaradılmış operativ qruplar vasitəsilə yaranmış fasilələrin dərhal aradan qaldırılması mümkün olacaq.