...

ARDNŞ "Neft Daşları" yatağının inkişaf proqramını təsdiq edib

Energetika Materials 30 Mart 2011 18:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir E.İsmayılov/

ARDNŞ Xəzərin Azərbaycan sektorundakı eyniadlı yataqda hasilatın saxlanılması üzrə "Neft Daşları" NQÇİ tərəfindən hazırlanan proqramı təsdiq edib. Bu barədə Trend-ə çərşənbə günü ARDNŞ-dakı mənbə deyib. Yeni proqram 2011-2015-ci illəri əhatə etməlidir.

"Proqram artıq təsdiq edilib və cari ildə həyata keçirilməyə başlayacaq", - mənbə bildirib.

Proqramda 70-80 yeni quyunun qazılması, müvafiq sualtı infrastrukturun, qazın yığılması sisteminin və digər tədbirlərin yaradılması nəzərdə tutulub.

Mənbənin sözlərinə görə, proqramın əsas istiqamətlərindən biri NQÇİ-nin balansında olan "Neft Daşları" və "Palçıq pilpiləsi" yataqlarında hasilat səviyyəsinin saxlanması məqsədilə yeni platformaların yaradılmasıdır.

Proqram çərçivəsində iki yataqda hasilatın sutkada 2500 ton səviyyəsinə nail olmaq və saxlamaq nəzərdə tutulub ki, bu da illik hesablamada ildə 915 min ton neft təşkil edir. Mənbə hazırda hasilat həcminin nə qədər olduğunu açıqlamayıb.

2009-cu ilə olan məlumata görə, neft hasilatının həcmi ildə 800 min tonu ötüb.

Bundan əvvəl ARDNŞ prezidenti Rövnəq Abdullayevin dediyi kimi, 2011-ci ildə şirkət tərəfindən qoyulan məqsədlərdən biri yeni, təmirli platformaların inşası, boru kəmərlərinin çəkilməsi, "Günəşli" və "Neft Daşları" dəniz yataqlarında yeni quyuların qazılmasıdır.

ARDNŞ-nin məlumatına görə, "Neft Daşları" dəniz neft-qaz yatağının çıxarıla bilən qalıq ehtiyatları 182 milyon ton neftdən çoxdur. Bu yatağın geoloji ehtiyatları 365 milyon ton həcmində qiymətləndirilir. Mənimsənilmə üzrə mövcud layihəyə uyğun olaraq, "Neft Daşları" yatağının işlənməsi 2035-ci ildə başa çatmalıdır.

Xəbər lenti

Xəbər lenti