...

İran, İraq və Suriya arasında qaz kəmərinin tikintisi ilə bağlı sənəd imzalanacaq

Energetika Materials 11 May 2011 14:09 (UTC +04:00)
İran, İraq və Suriya arasında qaz kəmərinin tikintisi ilə bağlı yaxın günlərdə üç ölkənin neft nazirlərinin iştirakı ilə ilk sənəd imzalanacaq.
İran, İraq və Suriya arasında qaz kəmərinin tikintisi ilə bağlı sənəd imzalanacaq

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir T.Cəfərov/

İran, İraq və Suriya arasında qaz kəmərinin tikintisi ilə bağlı yaxın günlərdə üç ölkənin neft nazirlərinin iştirakı ilə ilk sənəd imzalanacaq. Bunu İranın neft nazirinin müavini və Milli Qaz Şirkətinin icraçı direktoru Cavad Oci deyib. Bu barədə Trend İranın SHANA xəbər agentliyinə istinadən məlumat verir.

Oci əlavə edib ki, ötən həftə Bağdadda İran, Suriya və İraq rəsmiləri arasında qaz kəmərinin tikintisi və qazın nəqli ilə bağlı müzakirələr keçirilib.

Onun sözlərinə görə, üç ölkə rəsmilərinin razılığına əsasən, İranın "Cənub Pars" layihəsi çərçivəsində hasil olunan qaz bu üç ölkənin ərazisindən keçərək Livan, Aralıq dənizi və Avropaya nəql olunacaq.

"Bunun üçün 5600 kilometrlik qaz boru kəməri tikiləcək. Kəmərin sutkalıq gücü 110 milyon kubmetr olacaq", - Oci deyib.

Onun sözlərinə görə, bu kəmərin tikintisi üçün 5-6 milyard dollar vəsait sərf olunacaq.

"Qaz boru kəmərinin inşasına sərmayə yatırmaq üçün hazırda bir xarici şirkətlə danışıqlar aparılır. Yaxın günlərdə həmin şirkətlə saziş imzalanacaq", - Oci qeyd edib.

MEHR agentliyinin məlumatına əsasən, son aylarda "Cənub Pars" layihəsinin fazalarında 25 faiz inkişaf planlaşdırılmışdı, lakin bu rəqəm 0,5 faiz reallaşdırılıb. "Cənub Pars" layihəsi 28 fazadan ibarətdir və hazırda onun 10 fazası işlənilir.

Bundan əvvəl, İran "Total" şirkəti ilə "Cənub Pars"ın 11-ci fazasından ildə 5 milyon ton TMQ istehsalı, "Şel" və "Repsol" ilə həmin qaz yatağının 13 və 14-cü fazalarından ildə 16 milyon ton təbii maye qaz (TMQ) istehsalı üzrə müqavilə bağlasa da, bu şirkətlər İran əleyhinə BMT Təhlükəsizlik Şurasının 1929 saylı qətnaməsindən sonra müqavilələrini ləğv ediblər.

İran beynəlxalq sanksiyalara görə xarici şirkətlərin ölkədəki neft-qaz layihələrindən geri çəkilməsi boşluğunu doldurmaq məqsədi ilə ilk dəfə 2009-cu ildə əlavə vəsaitlərin cəlb edilməsi üçün əhaliyə istiqrazların satışına başlayıb. Həmin il 1,5 mlyard avro həcmində istiqraz satışa çıxarılıb.

Xəbər lenti

Xəbər lenti