...

Hindistan "Babək" strukturunun işlənməsində maraqlıdır

Energetika Materials 23 Sentyabr 2011 16:19 (UTC +04:00)
Hindistanın "ONGC Videsh Ltd" şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən perspektivli "Babək" strukturunda kəşfiyyat və işlənmə işlərinin aparılmasına böyük maraq göstərir.
Hindistan "Babək" strukturunun işlənməsində maraqlıdır

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir E.İsmayılov/

Hindistanın "ONGC Videsh Ltd" şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən perspektivli "Babək" strukturunda kəşfiyyat və işlənmə işlərinin aparılmasına böyük maraq göstərir. Trend-in məlumatına görə, bunu cümə günü Bakıda Azərbaycanın sənaye və energetika nazirinin müavini Natiq Abbasovla görüşdə şirkətin maliyyə direktoru Satpol Karc deyib.

Strukturun ehtimal olunan ehtiyatları 400 milyard kubmetr qaz və 80 milyon ton kondensatdır.

Nazirliyin mətbuat katibi Azər Mənsimlinin sözlərinə görə, görüş zamanı Hindistan tərəfi Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən neft alınmasına dair uzunmüddətli müqavilə bağlamaq niyyətini də ifadə edib. Hazırda şirkət Azərbaycan neftini Türkiyənin Ceyhan limanından tender əsasında alır.

Həmçinin görüşdə Hindistan tərəfi Azərbaycanda məhsulun bütün həcminin Hindistana tədarük edilməsi şərtilə gübrə istehsalı üzrə müştərək müəssisənin təşkili təşəbbüsü ilə də çıxış edib.

Karcın sözlərinə görə, Hindistan Azərbaycandan enerjiaşıyıcılar almaqda maraqlıdır. O, deyib ki, gələcəkdə ölkəsində enerjidaşıyıcılara tələbat 5 dəfə artacaq.

Hazırda Hindistan müstəqil şəkildə ildə 30 milyon ton neft və 50 milyard kubmetr qaz hasil edir, 145 milyon ton neft və 30 milyard kubmetr qazı isə idxal edir.

Xəbər lenti

Xəbər lenti