...

İran Xəzərin neft-qaz yataqlarının öyrənilməsinə 50 milyard dollar investisiya yatıracaq

Energetika Materials 23 Dekabr 2011 17:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir F.Milad/

İranın Neft Nazirliyi Xəzər dənizində neft və qaz yataqlarının öyrənilməsi üçün 50 milyard dollar həcmində investisiya yatırmağı nəzərdə tutur. Trend-in "Mehr News" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə cümə günü İran parlamentinin üzvü deyib.

İran Milli Neft Şirkətinin əvvəl verdiyi məlumata görə, İran noyabrın 11-də Xəzər dənizində ehtiyat potensialı təxminən 1,4 trilyon kubmetr olan yeni qaz yatağının aşkar olunduğunu elan edib.

Hazırda qaz hasilatına başlamaq üçün proqram hazırlanır. SHANA agentliyinın məlumatına görə, İranın neft naziri Rüstəm Qasımi deyib ki, yataq təxminən 700 metr dərinlikdə yerləşir.

Nazir qeyd edib ki, yatağın sərhəd yaxınlığında yerləşməsinə rəğmən, İran sərhədindən kənara çıxmır.

Qasıminin sözlərinə görə, bu yataqdan hasil olunacaq qaz bir sıra xassələrinə görə "Cənub Pars" yatağında çıxarılan qazdan üstündür. Nazir bildirib ki, buradan hasil olunacaq qaz nəinki daxili bazarda istifadə olunacaq, həm də ixrac ediləcək.

İran mütəxəssisləri yeni yataqda neft laylarının olduğunu da proqnozlaşdırırlar. Noyabrda İran Neft Nazirliyinin nümayəndəsi bildirib ki, son iki il ərzində ölkədə ehtiyatların 900 milyard kubmetr artması ilə İranın təbii qaz ehtiyatları 34 trilyon kubmetrə çatıb.

Ötən il ölkə 138,5 milyard kubmetr qaz hasil edib.

İran təbii qaz ehtiyatlarının həcminə görə dünyada Rusiyadan sonra ikinci yeri tutur.

Xəbər lenti

Xəbər lenti