...

ARDNŞ Vyanada keçirilən qaz konfansında iştirak edib

Energetika Materials 4 Fevral 2013 18:40 (UTC +04:00)
Avstriya Energetika Nazirliyinin ve "Energy Exchange" şirkətinin təşkilatçılığı ilə Vyana şəhərində Avropa Qaz Konfransı keçirilib.
ARDNŞ Vyanada keçirilən qaz konfansında iştirak edib

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir E.İsmayılov/

Avstriya Energetika Nazirliyinin ve "Energy Exchange" şirkətinin təşkilatçılığı ilə Vyana şəhərində Avropa Qaz Konfransı keçirilib.

Trend-in bazar ertəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) saytına istinadən verdiyi məlumata görə, konfransda Avropa ölkələrinin energetika agentlikləri və şirkətlərinin, TAP, Nabucco, ''Şimal axını'', "Cənub axını'' kimi mühüm boru kəmərləri layihələrinin rəhbərləri, "Avroqaz" və "Energy Charter" kimi beynəlxalq təşkilatların baş katibləri iştirak ediblər.

Tədbirdə ölkəmiz ARDNŞ-nin sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyovun rəhbərliyi etdiyi nümayəndə heyəti ilə təmsil olunub. Konfransda çıxış edənlər "Şahdəniz" və "Cənub qaz dəhlizi" layihələrinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolunu qeyd edib, Xəzər hövzəsinin qaz ehtiyatlarının əhəmiyyətindən danışaraq ölkəmizin Avropa üçün vacib və etibarlı tərəfdaş olduğunu vurğulayıblar.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Bəylərbəyov plenar iclasda "Cənub Dəhlizi Layihəsi" adlı təqdimatla çıxış edib və Azərbaycan qazının Avropaya nəql edilməsi ilə bağlı geniş məlumat verib. Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, şirkət rəhbərləri və təhlilçilərin mövzu ilə bağlı sualları ətraflı cavablandırılıb. Bəylərbəyov və ARDNŞ-nin Avstriyadakı nümayəndəliyinin direktoru Gülmirzə Cavadov tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlər keçiriblər.

400-dən artıq nümayəndənin qatıldığı konfrans çərçivəsində ARDNŞ-nin Avstriyadakı nümayəndəliyi iştirakçılara Azərbaycanda neft və qaz sənayesinin tarixi barədə maraqlı faktları əks etdirən buklet və kitabçalar təqdim ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti