Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir E.İsmayılov/
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2013-cü ilin yanvar-sentyabr ayları ərzində fondun büdcə gəlirləri 10 086,0 milyon manat, büdcə xərcləri isə 8 746,7 milyon manat təşkil edib.
Fonddan Trend-ə daxil olan məlumata görə, 2013-cü ilin yanvar-sentyabr ayları ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 9 774,8 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 9 766,8 milyon manat, akrhesabı ödənişlər 1,7 milyon manat, tranzit gəlirləri 6,0 milyon manat, bonus ödənişləri 0,3 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,06 milyon manat təşkil etmişdir.
Ötən 9 ay ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 311,2 milyon manata bərabər olmuşdur.
Hesabat dövrü ərzində Neft Fondunun 2013-cü il büdcəsinin icrası çərçivəsində 8 339,9 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 249,3 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 106,4 milyon manat vəsait ayrılmışdır. "Bakı-Tbilisi-Qars yeni dəmiryol" layihəsinin maliyyələşdirilməsinə Neft Fondundan 10,9 milyon manat vəsait ayrılmışdır. 12,4 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilmişdir. 2013-cü ilin 9 ayı ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 27,8 milyon manat təşkil etmişdir.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı fondun büdcədənkənar xərci 38,7 milyon manat təşkil etmişdir.
2013-cü il oktyabrın 1-ə fondun aktivləri 2013-cü ilin əvvəlinə (34 129,4 milyon ABŞ dolları) nisbətən 4,9 faiz artaraq 35 809,2 milyon ABŞ dollarına bərabər olmuşdur.
2012-ci ildən etibarən Neft Fondu qızılın alınmasına başlamışdır və 1 oktyabr 2013-cü il tarixinə fond tərəfindən alınmış qızılın miqdarı 26 442,5 kq (850 146 troya unsiyası) təşkil etmişdir.
Dövlət Neft Fondunun aktivləri 36 milyard dollara yaxınlaşıb
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2013-cü ilin yanvar–sentyabr ayları ərzində Neft Fondunun büdcə gəlirləri 10 086,0 milyon manat, büdcə xərcləri isə 8 746,7 milyon manat təşkil edib.
