Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir Emil İsmayılov/
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2014-cü ilin yanvar-iyul aylarında Türkiyənin Ceyhan limanından 11,97 milyon ton neft ixrac edib. 2013-cü ilin eyni dövründə bu rəqəm 11,84 milyon ton olub.
Trend-in ARDNŞ-yə istinadən verdiyi məlumata görə, Dövlət Neft Şirkəti iyulda Ceyhandan 1,65 milyon tondan çox neft ixrac edib. 2013-cü ilin müvafiq dövründə isə bu rəqəm 1,71 milyon tona bərabər olub.
ARDNŞ ötən il ümumilikdə Ceyhan limanından 19,75 milyon ton neft ixrac edib. 2012-ci ildə isə ixracatın həcmi 20,2 milyon ton olub.
Qeyd edək ki, neft Ceyhan limanına Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə tədarük edilir.
BTC-nin ümumi uzunluğu 1768 kilometrdir.