...

Böyük Britaniyanın ticarət naziri: "Cənub Qaz Dəhlizi" Avropaya qaz ixracının şaxələndirilməsində mühüm rol oynayır

Energetika Materials 20 Sentyabr 2014 14:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir Seymur Əliyev/

"Cənub Qaz Dəhlizi" Avropaya qaz ixracının şaxələndirilməsində mühüm rol oynayır və qitənin enerji təhlükəsizliyini gücləndirir. Trend xəbər verir ki, bu barədə Böyük Britaniyanın ticarət naziri lord Yen Livinqston şənbə günü Bakıda "Əsrin müqaviləsi"nin 20 illiyi və "Cənub Qaz Dəhlizi"nin təməlqoyma mərasimində deyib.

Nazir bildirib: "Cənub Qaz Dəhlizi"nin tikintisi dünyada iri və daha mürəkkəb infrastruktur layihələrdən biri olacaq və bu layihə böyük əhəmiyyət kəsb edir".

Onun sözlərinə görə, "Cənub Qaz Dəhlizi"nin tikintisi və istismarı təkcə bu layihənin iştirakçısı olan ölkələrə deyil, həm də bu marşrut boyu yerləşən dövlətlərə fayda gətirəcək.

Y.Livinqston Britaniya hökuməti adından Prezident İlham Əliyevi və Azərbaycan xalqını "Əsrin müqaviləsi"nin 20 illiyi münasibəti ilə təbrik edib: "Bir neçə söz demək mənim üçün böyük şərəfdir. Xüsusilə layihəsi britaniyalı memar Zaha Hadid tərəfindən hazırlanan Heydər Əliyev Mərkəzinin binasında çıxış etdiyimə görə qürur duyuram. Bir dəfə Jan Pol Getti deyib ki, "uğurun açarı yataqdan erkən qalxmaqda, gecə yarısına kim işləməkdə və neft tapmaqdadır. Eyni sözləri Azərbaycan haqqında da demək olar. Bu ahəng Azərbaycanın misilsiz inkişafına kömək edib və Böyük Britaniya bu uğurda ölkənin tərəfdaşı olmaqla fəxr edir".

Nazirin sözlərinə görə, BP və ARDNŞ şirkətlərinin əməkdaşlığı "Azəri-Çıraq-Günəşli" neft yataqları blokunu dünyada ən iri dəniz komplekslərindən birinə və Azərbaycan iqtisadiyyatını böyük donora çevirib: "Bu gün biz təkcə AÇG-nin 20 illiyini deyil, həm də Böyük Britaniya və Azərbaycanın möhkəm münasibətlərinin 20 illiyini qeyd edirik. Azərbaycanın Londonda, Böyük Britaniyanın isə Azərbaycanda səfirliklərinin açılmasından artıq 20 il keçir".

Onun sözlərinə görə, Böyük Britaniya və ölkənin şirkətləri Azərbaycan iqtisadiyyatına birbaşa investisiyaların iri mənbəyidir və ölkədə 500 Britaniya şirkəti fəaliyyət göstərir. Bu şirkətlər təkcə neft-qaz sektorunda çalışmırlar.

Nazir qeyd edib ki, Azərbaycan hazırda iqtisadiyyatın şaxələndirilməsi məqsədilə qeyri-neft sektoruna investisiyalar qoyur və infrastrukturu yaxşılaşdırır. Böyük Britaniya bu işdə hər cür dəstək göstərməyə hazırdır.

Y.Livinqston Azərbaycanın İKT sahəsində böyük potensiala malik olduğuna da qeyd edib.

O bildirib ki, Azərbaycan hökuməti ölkədə sabit biznes mühitinin dəstəklənməsinə xüsusi diqqət ayırır ki, bu da Azərbaycan-Britaniya tərəfdaşlığının uğurunun və sərmayəçi şirkətlər üçün ölkənin cəlbediciliyinin əsas amilidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti