...

ARDNŞ Türkmənistana neft-qaz nəqli infrastrukturunu təqdim etməyə hazırdır

Energetika Materials 18 Noyabr 2014 17:59 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Türkmənistana neft-qaz sahəsində layihələrin reallaşdırılması üçün infrastrukturu, neft-qaz boru kəmərlərinin şaxələndirilmiş sistemini və digər imkanları təqdim etməyə hazırdır.
ARDNŞ Türkmənistana neft-qaz nəqli infrastrukturunu təqdim etməyə hazırdır

Türkmənistan, Aşqabad, 18 noyabr /Trend, müxbir Hüseyn Həsənov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Türkmənistana neft-qaz sahəsində layihələrin reallaşdırılması üçün infrastrukturu, neft-qaz boru kəmərlərinin şaxələndirilmiş sistemini və digər imkanları təqdim etməyə hazırdır. Trend-in məlumatına görə, bunu axşamı ARDNŞ prezidenti Rövnəq Abdullayev Aşqabadda keçirilən "Türkmənistanın neft və qazı - 2014" konfransında deyib.

R.Abdullayev qeyd edib: "Biz istənilən zaman region ölkələrinə, ilk növbədə, ən yaxın qonşumuza - qardaş Türkmənistana neft-qaz sahəsində layihələrin reallaşdırılması üçün inkişaf etmiş infrastrukturumuzu, neft-qaz boru kəmərlərinin şaxələndirilmiş sistemini, anbarları, terminalları və digər imkanları təqdim etməyə hazırıq".

Onun sözlərinə görə, Xəzər hövzəsindən nəql marşrutlarının şaxələndirilməsi istehlakçıların və region ölkələrinin enerji təhlükəsizliyinin gücləndirilməsində sanballı amil olacaq, nəql xərclərinin azaldılmasını təmi edəcək və bununla da karbohidrogenlərin kommersiya tədarükünü daha rentabelli edəcək.

ARDNŞ prezidenti vurğulayıb ki, Azərbaycan qarşılıqlı sərfəli əməkdaşlıq üçün açıq ölkədir: "Sentyabrın 20-də Azərbaycan qazının Türkiyə və Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi" layihəsinin təməli qoyuldu. "Cənub Qaz Dəhlizi"nin hissəsi olan və Azərbaycan qazının Türkiyənin bütün ərazisi ilə Avropa sərhədlərinədək nəqlini təmin edəcək Transanadolu qaz kəmərinin (TANAP) ilkin buraxılış qabiliyyəti ildə 16 milyard kubmetr olacaq, gələcəkdə isə bunu 31 milyard kubmetrədək artırmaq imkanı var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti