...

Azərbaycanda "Avro-5" standartlarının tətbiqi sürətləndirilir

Energetika Materials 17 Fevral 2015 16:02 (UTC +04:00)
Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (BNEZ) yeni layihələrin həyata keçirilməsinə start verilir.
Azərbaycanda "Avro-5" standartlarının tətbiqi sürətləndirilir

Azərbaycan, Bakı, 17 fevral /Trend/

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (BNEZ) yeni layihələrin həyata keçirilməsinə start verilir.

Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, "Avro-5" standartlarının tətbiqi ilə bağlı tədbirlərin sürətləndirilməsi ilə əlaqədar ölkədə fəaliyyət göstərən neftayırma müəssisələrində yenidənqurma işlərinə başlanılıb. Artıq H.Əliyev adına BNEZ-in mövcud texnoloji qurğularının modernləşdirilməsi, istehsal gücünün artırılması və ekoloji mühitin yaxşılaşdırılması məqsədilə yeni layihələrə start verilib.

Müvafiq proqrama əsasən, zavodun ЕD-АV-6, kаtаlitik krekinq qurğularında bir sıra modernləşdirmə işlərinin aparılması nəzərdə tutulub. Belə ki, İtaliyanın "Foster Wheller" firması tərəfindən 21 nömrəli ED-AV-6 qurğusunun məhsuldarlığının ildə 7,5 milyon tona çatdırılması və qurğunun daxili istilik potensialından daha səmərəli istifadə edilməsi, eləcə də ABŞ-ın UOP firması tərəfindən 55 nömrəli katalitik krekinq qurğusunun məhsuldarlığının ildə 2,5 milyon tona çatdırılması istiqamətində layihələndirmə işlərinə başlanıb.

Eyni zamanda, ildə 100 min ton polietilen, 150 min ton polipropilen məhsulunun istehsalı üçün "Аzərikimya" İstehsalat Birliyinin xammalla təmin edilməsi diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Yaxın illərdə isə izomerləşmə, МТБЕ, ekoloji mühitin yaxşılaşdırılmasında mühüm rol oynayan, mayeləşdirilmiş qazların və katalitik krekinq qurğusunun benzin faraksiyalarının kükürdlü birləşmələrdən təmizlənməsi üçün UOP və digər firmaların texnologiyaları əsasında qurğuların tikintisi də nəzərdə tutulub.

Həmin məsələlərlə bağlı əlaqələndirici "Foster Wheller" firmasının təşkilatçılığı ilə ABŞ-ın UOP firmasının nümayəndələri АRDNŞ ilə danışıqlar aparıblar. Danışıqlar zamanı zavodun direktoru Elman İsmayılov BNEZ qarşısında qoyulmuş vəzifələrdən bəhs edib, müəssisənin əsas texnoloji qurğularının hazırkı real vəziyyəti haqqında qonaqlara məlumat verib. Bir neçə gün davam edən işgüzar görüşdə qonaqlar qoyulan məsələlərlə bağlı təkliflərini verib, zavodun texnoloji qurğularında yenidənqurma və modernləşdirmə işlərinin mahiyyəti, həcmi, yerinə yetirilməsi vaxtı, eləcə də yeni qurğuların tikintisi haqqında təqdimat keçiriblər. Danışıqlar zamanı protokol imzalanıb, bu layihələrin 2018-2019-cu illərdə həyata keçirilməsinə qərar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti