...

SOCAR: Heç nə "Cənub Qaz Dəhlizi"nin reallaşdırılmasını dayandıra bilməz

Energetika Materials 26 May 2015 15:15 (UTC +04:00)
Heç bir şey “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasını dayandırmayacaq.
SOCAR: Heç nə "Cənub Qaz Dəhlizi"nin reallaşdırılmasını dayandıra bilməz

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir Maksim Tsurkov/

Heç bir şey "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılmasını dayandırmayacaq. Trend-in məlumatına əsasən, bunu SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov "Euractiv"portalına müsahibəsində deyib.

Onun sözlərinə görə, "Cənub Qaz Dəhlizi" layihəsi SOCAR şirkətinin Avropada irəliləməsinə istiqamətlənməyib: "Bu siyasi yox, sırf ticari layihədir. Bunu beynəlxalq tərəfdaşlarımız ilə birgə həyata keçiririk. "Cənub Qaz Dəhlizi" layihəsində əsas qazın hasilatı üzrə "Şahdəniz" yatağındakı işlərdə Rusiyanın "Lukoyl", Böyük Britaniyanın "BP", İranın "NICO", Malayziyanın "Petronas" və Türkiyənin "TPAO" şirkətləri iştirak edirlər. Alıcılarımıza gəldikdə isə bunlar "Shell", "Gaz de France", "Gas Natural of Spain", "ENEL"və "Hera" kimi iri Avropa şirkətləridir. Coğrafiya genişdir, belə olduğu halda, reklam yox, işgüzar prinsiplər işləyir. Layihənin reallaşdırılmasına əminlik olmasa, heç kim 45 milyard dollar dəyəri olan layihədə və "Şahdəniz-2" yatağında qaz hasilatında iştirak etməz".

V.Bəylərbəyov qeyd edib ki, qazın tədarükü ilə bağlı müqavilələr 25 il müddətinə bağlanıb: "Son illər ərzində heç bir ölkə - nə Rusiya, nə Norveç, nə də Şimali Afrikadan olan tədarükçülər - belə uzunmüddətli müqavilə imzalamayıb. Buna nail olmağımızın səbəbi avropalı tərəfdaşlarımızı Azərbaycanın etibarlı tərəfdaş olduğuna inandırmağımızdır. Müqavilələr üzərimizə bir tərəfdən tədarük, digər tərəfdən isə qazın alışı ilə bağlı məsuliyyət qoyur".

Onun sözlərinə görə, "Türk axını" layihəsinin reallaşdırılması "Cənub Qaz Dəhlizi" layihəsinə qarşı yönəlməyib: "Hesab edirəm ki, layihəmizi reallaşdırmaqla istiqamətləndiyimiz bazarlar kifayət qədər cəlbedicidir. Və bu bazarların cəlbediciliyi əlavə beş boru xətti tikmək səviyyəsindədirsə, onda qoy elə olsun. Ancaq "Türk axını" kimi layihələrin "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılmasını dayandıra bilməsini düşünmək cəfəngiyyatdır".

"Cənub Qaz Dəhlizi"nə milyardlarla dollar investisiya yatırıldığını bildirən V.Bəylərbəyov əlavə edib: "Azərbaycan və Gürcüstan ərazisindəki boru xətlərinə və "Şahdəniz-2" layihəsinə 12 milyard dollar investisiya yatırmışıq. Bu vəsait xərclənir və işin 30 faizi artıq görülüb. Belə bir layihənin dayandırılması qeyri-mümkündür. Layihə dinamik inkişaf edir. Bu dəhlizin gələcəyi son dərəcə maraqlıdır və qaz mənbələrinin şaxələndirilməsi ilə əlaqədardır. "Abşeron", "İnam" və "Babək" yataqları Azərbaycan miqyasında bu dəhlizi əlavə 10 milyard kubmetr qazla təmin edə biləcək. Başqa ölkələrin hesabına da şaxələndirmə əldə olunacaq. Potensial qaz mənbəyi kimi tez-tez Mərkəzi Asiya qazının adı çəkilir, ancaq belə olduğu halda, "Cənub Qaz Dəhlizi"nin buraxılış qabiliyyətinin artırılmasından danışmaq daha dəqiq olardı".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti