Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycan dünyada enerji təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verir. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin deyib.
H.Çətin bildirib ki, enerji təhlükəsizliyi çox vacib məsələdir: "Enerji bölgələri arasında Yaxın Şərq, Cənubi Amerika da var. Amma ən önəmli yerdə Qafqaz enerji bölgəsi dayanır. Bu gün Xəzər bölgəsində də istehsalçı olaraq ən öndə Azərbaycandır".
"Cənub Qaz Dəhlizi" layihəsi haqqında danışan H.Çətin bildirib ki, bu, çox böyük və önəmli bir layihədir: "Cənub Qaz Dəhlizi" Azərbaycandan başlayaraq Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan və bütün Avropaya gedə biləcək təbii qaz layihəsidir. Bu, həm enerji təhlükəsizliyinə töhfə verəcək, həm də enerji mənbələrinin çoxalmasına şərait yaradacaq. Avropa, Türkiyə və digərləri bir mənbədən asılı olmaqdan qurtulacaq. Bunu da Azərbaycan edəcək".