...

Şahdənizdə planlaşdırılmış profilaktik işlər proqramı başa çatıb

Energetika Materials 29 Avqust 2022 15:02 (UTC +04:00)
Şahdənizdə planlaşdırılmış profilaktik işlər proqramı başa çatıb

Bakı. Trend:

Şahdənizdə planlaşdırılmış profilaktik işlər proqramı başa çatıb.

Şahdəniz yatağının işlənməsi layihəsinin əməliyyatçısı bp-dən Trend-ə verilən məlumata görə, Şahdənizin illik iş proqramının bir hissəsi olaraq Şahdəniz Alfa platformasında və Səngəçal terminalındakı Şahdəniz 1 qurğularında 2022-ci il avqust ayının 14-dən başlayaraq 14 gün ərzində planlaşdırılmış profilaktik işlər proqramı tam şəkildə həyata keçirilmiş və proqram uğurla başa çatmışdır.

Proqram üzrə nəzərdə tutulmuş bütün işlər tam təhlükəsiz şəkildə icra olunmuş, platformanın və terminalın hasilat və ixrac sistemləri artıq işə salınmışdır. Hazırda hasilatın tədrici artırılması prosesi davam edir.

Xatırladırıq ki, planlaşdırılmış profilaktik işlər proqramına Səngəçal terminalının Şahdəniz 1 hissəsində vacib təhlükəsizlik avadanlıqlarının qabaqlayıcı profilaktikası və yoxlama işləri, məşəl kabellərinin dəyişdirilməsi, yeni qaz analayzer avadanlıq dəstinin quraşdırılması, monoetilen glikol xəttinin təzyiq artımından qorunması üçün bəzi işlər, ventillərin dəyişdirilməsi, nukleonik mənbələrin dəyişdirilməsi və s. kimi profilaktik əməliyyatlar və yoxlamalar daxil idi. Parallel olaraq, Şahdəniz Alfa platformasında da müxtəlif təmir işləri, yeni qaz analayzer avadanlıq dəstinin quraşdırılması, nukleonik mənbələrin dəyişdirilməsi, üç mürəkkəb ventil avadanlığının dəyişdirilməsi və s. kimi layihə işləri həyata keçirilmişdir.

Belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə bp-nin Xəzərdə əməliyyatçısı olduğu digər platformalarda və obyektlərdə də müntəzəm olaraq həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti