...

BTC ilə ilin sonuna kimi 1,1 milyon ton Qazaxıstan neftinin nəqli planlaşdırılır

Energetika Materials 9 İyun 2023 10:14 (UTC +04:00)
BTC ilə ilin sonuna kimi 1,1 milyon ton Qazaxıstan neftinin nəqli planlaşdırılır

Bakı. Trend:

Astana Beynəlxalq Forumu çərçivəsində energetika naziri Pərviz Şahbazov Qazaxıstan Baş nazirinin müavini - ticarət və inteqrasiya naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Serik Jumanqarin ilə görüşüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bu ilin aprel ayında Azərbaycan Respublikası Prezidentinin Qazaxıstana səfəri və imzalanmış sənədlərin ikitərəfli münasibətlərin kompleks şəkildə inkişafı və çoxşaxəli tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsi üçün geniş imkanlar yaratdığı qeyd olunub. İki ölkə arasında ticarət dövriyyəsində hazırda müşahidə olunan artım dinamikası ticari-iqtisadi əlaqələrin inkişaf göstəricisi kimi dəyərləndirilib.

Söhbət zamanı ixrac-idxal potensialından geniş istifadə, nəqliyyat-logistika imkanlarının artırılması, kənd təsərrüfatı sahələrində əməkdaşlıq, həmçinin birgə investisiya perspektivləri ilə bağlı məsələlər müzakirə edilib. Qazaxıstan neftinin Azərbaycan ərazisindən ixracı ilə əlaqədar imkanlar nəzərdən keçirilib. Bildirilib ki, Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə nəqli enerji təchizatının diversifikasiyasını təmin edir. 2023-cü ilin aprelindən ilin sonuna kimi BTC boru kəməri ilə təxminən 1,125 milyon ton Qazaxıstanın neftinin nəqli planlaşdırılır.

Görüşdə əməkdaşlıq prioritetləri üzrə qarşılıqlı fəaliyyətdən irəli gələn məsələlərin birgə dəyərləndirilməsi və növbəti addımların müəyyənləşdirilməsi məqsədilə Hökumətlərarası Komissiya çərçivəsində bu ilin sentyabr-oktyabr aylarında onlayn formatda görüşün keçirilməsi razılaşdırılıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-aprel ayları ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) ilə nəql olunan neftin həcmi 2022-ci ilin analoji dövründəki 9,173 milyon tonla müqayisədə 9,802 milyon ton təşkil edib ki, bu da illik hesablamada 6,8 faiz artımdan xəbər verir.

Bakı-Tbilisi-Ceyhan boru kəmərinin payına 2023-cü ilin ilk dörd ayı ərzində Azərbaycanın magistral neft kəmərləri ilə nəql olunan 12,833 milyon ton neftin 76,4 faizi düşüb.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı nəql edir. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan və Türkmənistan) də nəql olunur.

BTC Ko.-nun səhmdarları aşağıdakı kimidir: bp (30,10%), SOCAR (25,00%), MOL (8,90%), Ekvinor (8,71%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), İTOÇU (3,40%), İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGCVideş (2,36%).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti