Bakı. Trend:
Ötən il Azərbaycanda 50,3 milyard kubmetr təbii qaz hasil edilib.
Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, qazın 13,3 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 27,8 milyard kubmetri “Şahdəniz”, 1,5 milyard kubmetri “Abşeron” yatağı, 7,7 milyard kubmetri isə SOCAR üzrə hasil olunub.
2023-cü ilin müvafiq dövrünə nisbətən 2 milyard kubmetr artımla qaz hasil edilib.
Hesabat dövründə xaricə qaz satışı 25,2 milyard kubmetr təşkil edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz çoxdur. Bunun 12,9 milyard kubmetri Avropaya, 9,9 milyard kubmetri Türkiyəyə, 2,4 milyard kubmetrdən çoxu isə Gürcüstana satılıb.
Türkiyəyə TANAP-la bu müddətdə 5,6 milyard kubmetr qaz nəql olunub.