Bakı. Trend:
Trans Adriatik Boru Kəməri Konsorsiumu (TAP AG) hidrogenin nəqlinə hazırlıq üçün yol xəritəsini müəyyən edib.
Bu barədə Trend-ə TAP AG konsorsiumundan bildiriblər.
"TAP-ın məqsədi hidrogenin nəqli üçün infrastrukturun inkişaf etdirilməsidir. Biz təbii qaz və hidrogen qarışıqlarının, eləcə də bərpa olunan qazların orta və uzunmüddətli daşınmasına hazırlıq üçün yol xəritəsini müəyyən etmişik. 2021-ci ildə ilkin tədqiqat TAP-ın gələcəkdə hidrogen qarışıqlarının nəqli potensialını təsdiqlədi. Hazırda biz boru kəməri materiallarını beynəlxalq laboratoriyada sınaqdan keçiririk. İlk sınaqların nəticələri 2024-cü ilin dördüncü rübündə əldə edilib və hazırda qiymətləndirmə mərhələsindədir. Növbəti sınaqlar artıq başlayıb və onların nəticələri 2025-ci ildə gözlənilir", - deyə konsorsium bildirib.
TAP AG qeyd edib ki, lazımi dəyişiklikləri yalnız mövcud boru kəmərinin və digər avadanlığın tam yararlılıq təhlilindən sonra müəyyən etmək olar.
"Materiallar sınaqdan keçirildikdən sonra onları diqqətlə qiymətləndirmək lazımdır. Bundan əlavə, hidrogen nəqli üçün tələb olunan digər avadanlıqların uyğunluğu qiymətləndirilməli və bu nəticələr nəzərə alınmalıdır. Yalnız bütün yoxlamalar başa çatdıqdan sonra TAP-ın hidrogeni nəql etməyə hazır olduğunu daha dəqiq müəyyən etmək mümkün olacaq", - deyə konsorsium əlavə edib.
Qeyd edək ki, TAP təbii qazın Yunanıstanın Türkiyə ilə sərhədindən İtaliyanın cənub hissəsinə nəqlini təmin etməklə, maraqlı tərəflərə Avropanın müxtəlif ölkələrinə qaz tədarük etmək imkanı yaradır.
TAP Xəzər dənizindən Avropaya qədər uzanan 3500 kilometrlik qaz zənciri olan Cənub Qaz Dəhlizi çərçivəsində birbaşa və sərfəli nəqliyyat marşrutu təklif edir.
X: @Lyaman_Zeyn