...

Qarlı hava günəş panellərinin enerji istehsalına necə təsir edir?

Energetika Materials 25 Fevral 2025 15:15 (UTC +04:00)
Qarlı hava günəş panellərinin enerji istehsalına necə təsir edir?
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı: Trend:

Bir çox insan düşünür ki, qarlı hava günəş panellərinin enerji istehsalını tamamilə dayandırır. Ancaq bu, heç də belə deyil. Trend qarlı havada günəş panellərinin necə işlədiyinə Qaradağ Günəş Elektrik Stansiyasının nümunəsində nəzər salır.

Belə ki, energetika nazirliyindən verilən məlumata görə, 24 fevral tarixində qar yağmasına baxmayaraq stansiya 230 meqavat maksimal gücə çataraq yüksək məhsuldarlıq göstərib.

Məlumata əsasən, qarsız, ancaq buludlu hava şəraitində keçmiş 19 fevral tarixində gün ərzində 224,4 meqavat-saat enerji istehsal olunduğu halda, 24 fevral tarixində eyni göstərici demək olar ki 1495 meqavat-saata yüksəlib.

"Səbəb isə budur ki, stansiyada panellərin maili yerləşdirilməsi və səthinin sürüşkən olması qarı asanlıqla təmizləyir. Soyuq hava isə panellərin daha səmərəli işləməsinə kömək edir və onların performansını artırır. Müasir günəş panellərinin arxa səthi də #elektrikenerjisi istehsal edir. Yer səthi qarla örtüldüyündən və ağ rəng günəş şüasını maksimum əks etdirdiyindən günəş panellərinin əlavə işıq qəbul etməsinə səbəb olur. Beləliklə, açıq səma şəraitində qarlı havada panellər gözləniləndən daha çox enerji istehsal edir", - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanda günəş enerjisi ilə işləyən stansiyalar 16 milyon kVt-saat elektrik enerjisi istehsal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,1 milyon kVt-saat və ya 5,5 dəfə çoxdur.

Ümumilikdə, ölkədə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2025-сi ilin yanvar ayında 342,9 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

Hesabat dövründə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 45,8 milyon manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti