Bakı. Trend:
“TotalEnergies”, SOCAR və XRG “Abşeron” yatağının işlənməsinin ikinci mərhələsinin konsepsiyasını müəyyən ediblər.
Bu barədə Trend-ə “TotalEnergies”in Bakı ofisindən məlumat verilib.
"İkinci mərhələnin konsepsiyası dənizaltı hasilat və hasilatın sahilə çatdırılması sxemi əsasında qurulub. Quyular 500 metr dərinlikdə qazılacaq və onların ümumi uzunluğu 7000 metrdən çox olacaq ki, bu da onları Xəzər dənizindəki ən dərin quyulardan biri edəcək. Hasil edilən karbohidrogenlər Səngəçal yaxınlığında sahilə 140 kilometrlik çoxfazalı boru kəməri (qaz + kondensat) vasitəsilə nəql olunacaq. Daha sonra qaz və kondensat ayrılaraq Səngəçal terminalının yaxınlığındakı Mərkəzi Emal Qurğularında emal ediləcək", – şirkətdən bildirilib.
“TotalEnergies”in məlumatına görə, ikinci mərhələ çərçivəsində hasilatın pik həddi gündə 12,7 milyon kubmetr qaz (ildə 4,5 milyard kubmetr) və gündə 37 000 barrel kondensat təşkil edəcək ki, bu da artıq birinci mərhələdə hasil edilən həcmləri tamamlayacaq.
Qeyd edək ki, “Abşeron” yatağı Xəzər dənizi şelfində, Bakıdan 100 kilometr cənub-şərqdə və “Şahdəniz” yatağından 25 kilometr şimal-şərqdə yerləşir.
“Abşeron” da qaz və kondensat hasilatı 2023-cü ilin iyul ayından etibarən JOCAP əməliyyatçı şirkəti tərəfindən həyata keçirilir.
Tərəfdaşlarla olan razılaşma əsasında, SOCAR yataqdan hasil olan qazı alır, kondensat isə Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə nəql olunur.
X: @Lyaman_Zeyn