Bakı. Trend:
Beynəlxalq Valyuta Fondu Azərbaycanda təbii qaz hasilatının 2025-2030-cu illər ərzində sabit səviyyədə - günə 0,9 milyon barrel neft ekvivalenti səviyyəsində qalacağını gözləyir.
Trend xəbər verir ki, maliyyə institutunun son hesabatına görə, 2023 və 2024-cü illərdə ölkədə neft hasilatı günə 0,9 milyon barrel neft ekvivalentində olub. Eyni zamanda, BVF hesablamalarına əsasən, 2021 və 2022-ci illərdə bu göstərici 0,8 milyon barrelə bərabər olub.
Azərbaycan Energetika Nazirliyinin məlumatına əsasən, 2024-cü ildə ölkədə 50,3 milyard kubmetr təbii qaz hasil edilib ki, bu da əvvəlki illə müqayisədə 2 milyard kubmetr çoxdur. Bu həcmin 13,3 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” (AÇG), 27,8 milyard kubmetri “Şahdəniz”, 1,5 milyard kubmetri “Abşeron” yataqlarının, 7,7 milyard kubmetri isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payına düşür.
Bundan əlavə, 2024-cü ildə Azərbaycanda neft və kondensat hasilatı 29,1 milyon ton təşkil edib. Bunun 16,8 milyon tonu AÇG, 4,2 milyon tonu “Şahdəniz”, 0,6 milyon tonu “Abşeron” yataqlarından hasil olunub. SOCAR tərəfindən isə 7,5 milyon ton həcmində hasilat təmin edilib.