Bakı. Trend:
Bakı–Supsa (WREP) və Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəmərlərinin operatorluğunun müvafiq dövlət orqanlarına təhvil verilməsi üçün zəruri tədbirlərin vaxtında planlaşdırılması məqsədilə müzakirələr aparılır.
Bu barədə Trend-in sorğusuna cavab olaraq bp-dən bildirilib.
Boru kəmərlərinin idarə olunması üzrə müvafiq sazişlərə əsasən neft və qaz ixracı boru kəmərlərinin operatorluğu həmin sazişlərdə əvvəldən razılaşdırılmış müddətlərdə müvafiq hökumət və ya hökumət qurumlarına təhvil verilməsi əvvəlcədən nəzərdə tutulub. Məhz bu sazişlərə əsasən 2021-ci ildə Cənubi Qafqaz Boru Kəmərinin operatorluğu həm Azərbaycanda, həm də Gürcüstanda SOCAR-a təhvil verilib.
Yenə də həmin sazişlərə əsasən Qərb İxrac Boru Kəməri (Bakı-Supsa) və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin operatorluğunun əvvəldən razılaşdırılmış müddətdə Azərbaycan, Gürcüstan və Türkiyədə müvafiq qurumlara təhvil verilməsi nəzərdə tutulur. Hazırda bu yönümdə lazımi işlərin vaxtında planlaşdırılması üçün müvafiq qurumlarla müzakirələr aparılır.
Qeyd edək ki, Bakı–Supsa kəməri nefti Xəzər dənizindən Gürcüstanın Supsa terminalına çatdırır, BTC kəməri isə AÇG yatağından neft və “Şah Dəniz” yatağından kondensatı Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçirərək Ceyhan terminalına çatdırır.
BTC kəməri 2006-cı ildən fəaliyyət göstərir və operatoru bp-dir.
BTC-nin səhmdarları: bp (30.10%), SOCAR (32.97%), MOL (8.90%), TPAO (6.53%), Eni (5.00%), TotalEnergies (5.00%), ITOCHU (3.40%), ONGC Videsh (3.10%), ExxonMobil (2.50%) и INPEX (2.50%).
