Bakı. Trend:
Bakıda keçirilən konfrans neft-qaz sektorunda yeni əməkdaşlıqlar üçün imkan yaradır.
Bunu "Caspian Technical Solution" (CTS) şirkətinin direktoru Kərim Şakuri Bakıda keçirilən"Asset Integrity & Corrosion and Coatings Conference" tədbiri çərçivəsində Trend-ə açıqlamasında deyib.
O bildirib ki, Bakı şəhərində təşkil olunan “Asset Integrity & Corrosion and Coatings Conference” çərçivəsində neft-qaz sənayesində fəaliyyət göstərən yerli və beynəlxalq şirkətlər arasında görüş və təcrübə mübadiləsinin keçirilməsi gözlənilir:
"Tədbirdə beynəlxalq səviyyədə tanınmış bir sıra şirkətlərin nümayəndələri iştirak edir və SOCAR-ın tərəfdaşları ilə birgə individual görüşlərin təşkili planlaşdırılır. Qısa müddətdə konkret müqavilələrin imzalanacağını demək tez olsa da, konfrans ilkin danışıqların aparılması baxımından mühüm platformadır. Bu danışıqların davamında müvafiq tenderlər keçirilə, qiymətləndirmələr aparıla və sonda əməkdaşlıq müqavilələri əldə edilə bilər”.
Şirkət rəhbəri əlavə edib ki, tədbirdə əsas müzakirə mövzularından biri mövcud neft-qaz platformalarının yeni texnoloji həllər vasitəsilə istismar müddətinin uzadılmasıdır. O qeyd edib ki, bu məqsədə müasir texnoloji alətlərdən istifadə etməklə nail olmaq mümkündür.
