...

Azərbaycan "yaşıl" dəhlizlər vasitəsilə təmiz enerji habı mövqeyini möhkəmləndirir - SOCAR

Energetika Materials 8 Yanvar 2026 15:00 (UTC +04:00)
Azərbaycan "yaşıl" dəhlizlər vasitəsilə təmiz enerji habı mövqeyini möhkəmləndirir - SOCAR
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Xəzər–Qara dəniz–Avropa, Azərbaycan–Türkiyə–Avropa və Mərkəzi Asiya–Azərbaycan–Avropa kimi üç “yaşıl” enerji dəhlizinin ümumi gücü 10 QVt bərpa olunan enerji səviyyəsinə çata bilər ki, bu da Azərbaycanın gələcək transsərhəd təmiz enerji ötürülməsi üzrə hab kimi mövqeyini möhkəmləndirə bilər.

Bu barədə Trend Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfin Dünya İqtisadi Forumunun rəsmi saytında dərc olunmuş məqaləsinə istinadən xəbər verir.

Qeyd olunur ki, 2014–2023-cü illər dövründə qlobal enerji təklifi 13 faiz artıb ki, bu da tələbatın davamlı yüksəlişi ilə əlaqədardır.

“Sənayeləşmə, əhalinin artımı və iqtisadi inkişaf növbəti 25 il ərzində, xüsusilə inkişaf etməkdə olan ölkələr və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) daxil olmayan Asiya iqtisadiyyatları tərəfindən tələbatı daha da artıracaq. Bu artım, eyni zamanda, 1990-cı ildən bəri qlobal karbon qazı emissiyalarının 77 faiz yüksəlməsinə səbəb olub ki, bu da razılaşdırılmış tədbirlərə təcili ehtiyacın olduğunu vurğulayır. Buna cavab olaraq, 140-dan çox ölkə qlobal emissiyaların əksəriyyətini əhatə edən karbon neytrallığı hədəflərini qəbul edib. Praktiki yanaşma təmiz enerjinin sürətlə miqyaslandırılmasını və enerji səmərəliliyinin artırılmasını, eyni zamanda mövcud sistemin ekoloji izinin azaldılmasını nəzərdə tutur. İqlim dəyişikliyi sərhəd tanımadığından, ədalətli keçid üçün kollektiv əməkdaşlıq zəruridir”, – məqalədə deyilir.

SOCAR prezidentinin sözlərinə görə, qlobal iqtisadi dəyişikliklər və geosiyasi qeyri-sabitlik fonunda enerji təhlükəsizliyi və iqlim dayanıqlığı Azərbaycan üçün prioritetə çevrilib və bu, sistemin etibarlılığına və iqtisadi sabitliyə xələl gətirmədən bərpa olunan enerji mənbələrini inteqrasiya edən keçid yanaşmasını formalaşdırır.

“Ölkə ‘Təmiz ətraf mühit və yaşıl artım’ məqsədini ‘Azərbaycan 2030’ strategiyasına daxil edib və bərpa olunan energetikanın inkişafına xüsusi diqqət yetirir. Enerji səmərəliliyi fondu ətraf mühitə təsiri azaldan və sektorun effektivliyini artıran təşəbbüsləri kreditlər, qrantlar və subsidiyalar vasitəsilə dəstəkləyir. Karbohidrogen sektorundan istifadəni davam etdirməklə yanaşı, Azərbaycan paralel şəkildə bərpa olunan enerjinin inkişafını təşviq edir. 2007-ci ildən etibarən təmiz elektrik enerjisi ixracatçısı olan ölkə generasiya imkanlarının modernləşdirilməsi və ötürücü şəbəkələrin gücləndirilməsi hesabına enerji təhlükəsizliyini artırıb. 2023-cü ilə qədər elektrik enerjisi istehsalı 29,3 milyard kVt/saata çatıb ki, bu da son onilliklə müqayisədə 25,5 faiz artım deməkdir”, – məqalədə qeyd olunur.

Vurğulanır ki, 2016-cı il üzrə Strateji Yol Xəritəsinə əsasən, hökumət enerji balansının şaxələndirilməsini və bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalının artırılmasını planlaşdırır.

R. Nəcəfin sözlərinə görə, Azərbaycanın qurudakı bərpa olunan enerji mənbələrinin texniki potensialı 135 QVt, dənizdə isə 157 QVt təşkil edir.

Qeyd olunur ki, ölkə 2030-cu ilə qədər generasiya strukturunda bərpa olunan enerjinin payını təxminən 40 faizə çatdırmağı hədəfləyir.

“Son beş il ərzində Azərbaycan bərpa olunan enerjinin tətbiqində əhəmiyyətli irəliləyişlər əldə edib:

Qaradağ Günəş Elektrik Stansiyası (230 MVt) – Xəzər regionunun ən iri günəş enerjisi obyektidir və 2023-cü ildə istismara verilib;

Qarabağ və Şərqi Zəngəzurun hidroenergetikası – ümumi gücü 270 MVt olan 32 stansiya istismara verilib, 500 MVt-a qədər genişləndirmə planlaşdırılır;

Xızı–Abşeron Külək Elektrik Stansiyası (240 MVt) – ACWA Power və SOCAR tərəfindən inkişaf etdirilir, tam gücün 2025-ci ilin sonunadək təmin edilməsi gözlənilir;

Biləsuvar (445 MVt) və Neftçala (315 MVt) günəş layihələri – COP29 çərçivəsində maliyyələşmə baxımından tamamlanıb, gözlənilən illik istehsal 1,7 milyard kVt·s-dan çoxdur;

Şəfəq Günəş Elektrik Stansiyası (240 MVt) – azad edilmiş ərazilərdə ilk sənaye miqyaslı günəş layihəsidir, illik istehsal həcmi 500 milyon kVt·s təşkil edəcək”, – məqalədə bildirilir.

Məlumata görə, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, son beş ildə hidroelektrik stansiyalarında elektrik enerjisi istehsalı 2,8 dəfə, günəş enerjisi istehsalı isə 12,6 dəfə artıb.

“Milli keçid strategiyaları ölkə hüdudlarından kənarda da regional karbonsuzlaşdırmanın faydaları yarada bilər. Strateji coğrafi mövqeyi, mövcud ötürücü xətləri və formalaşmış enerji tərəfdaşlıqları nəzərə alındıqda, Azərbaycan Xəzər regionu, Mərkəzi Asiya və Avropa arasında unikal ‘körpü’ mövqeyi tutur.

Ölkə üç əsas ‘yaşıl’ enerji dəhlizinin inkişafını fəal şəkildə davam etdirir:

Xəzər – Qara dəniz – Avropa

Azərbaycan – Türkiyə – Avropa

Mərkəzi Asiya – Azərbaycan – Avropa.

2022-ci ildə Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında ‘yaşıl’ enerjinin inkişafı və ötürülməsi üzrə Strateji Tərəfdaşlıq Sazişinin imzalanması Avropaya ‘yaşıl’ enerji dəhlizinin açılması istiqamətində mühüm addım oldu”, – məqalədə deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti