Bakı. Trend:
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə dayanıqlılıq, bərpa olunan enerji, insan kapitalının inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Trend xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf sosial şəbəkə hesabında paylaşım edib.
“World Economic Forum 2026” çərçivəsində “Honeywell” şirkətinin İdarə Heyətinin sədri və baş icraçı direktoru Vimal Kapur ilə məhsuldar görüş keçirdik.
Görüş zamanı qabaqcıl texnologiyaların, rəqəmsallaşma və innovasiyanın enerji keçidinin sürətləndirilməsində, eləcə də enerji dəyər zənciri boyunca səmərəliliyin artırılmasında rolu müzakirə olundu. Bununla yanaşı, dayanıqlılıq, bərpa olunan enerji, insan kapitalının inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı”, - paylaşımda qeyd edilib.
Qeyd edək ki, “Honeywell” avtomatlaşdırma, aviasiyanın gələcəyi və enerji keçidi sahələrində dünyanın ən mürəkkəb çağırışlarının həllində təşkilatlara dəstək göstərir. Şirkət tərəfdaş kimi Aerokosmik Texnologiyalar, Bina Avtomatlaşdırılması, Proses Avtomatlaşdırılması və Texnologiyaları (PA&T) və Sənaye Avtomatlaşdırılması üzrə biznes seqmentləri vasitəsilə – “Honeywell Forge” proqram təminatının dəstəyi ilə – dünyanı daha ağıllı, daha təhlükəsiz və daha dayanıqlı etməyə kömək edən praktik həllər və innovasiyalar təqdim edir.
10 milyondan çox kommersiya binası fəaliyyətin səmərəliliyini artırmaq, istifadəçilər üçün daha komfortlu, təhlükəsiz və sağlam məkanlar yaratmaq məqsədilə şirkətin texnologiyalarından istifadə edir.
