Bakı. Trend:
Yaxın vaxtlarda "Azərbaycan - Gürcüstan - Türkiyə - Bolqarıstan" interkonnektor layihəsinin texniki-iqtisadi əsaslandırmasını (TİƏ) aparacaq məsləhətçi şirkətinin seçimi başlanacaq.
Trend xəbər verir ki, bu barədə "Yaşıl Dəhliz Birliyi"nin Baş direktoru Tural Əliyev ADA Universitetində keçirilən Beynəlxalq Təmiz Enerji Gününə həsr olunmuş dəyirmi masada çıxışı zamanı bildirib.
"‘Azərbaycan - Gürcüstan - Türkiyə - Bolqarıstan" interkonnektoru üzrə texniki tapşırıq artıq hazırdır və yaxın vaxtlarda məsləhətçinin seçimi başlayacaq", – deyə T. Əliyev vurğulayıb.
Xatırladaq ki, 4 aprel 2025-ci il tarixində Azərbaycan
Energetika Nazirliyi, Gürcüstan İqtisadiyyat və Dayanıqlı İnkişaf
Nazirliyi, Türkiyə Energetika və Təbii Sərvətlər Nazirliyi və
Bolqarıstan Energetika Nazirliyi arasında “yaşıl elektrik
enerjisi"nin ötürülməsi və ticarət sahəsində əməkdaşlıq üzrə
Memorandum imzalanıb.
Sənəd regionda bərpa olunan mənbələrdən əldə olunan elektrik
enerjisinin ötürülməsi infrastrukturlarının inkişafını, həmçinin
Cənubi Qafqaz ölkələri, Türkiyə və Avropa İttifaqı arasında “yaşıl
elektrik enerjisi"nin sərhədlərarası ticarətinin
genişləndirilməsinə hədəflənib.
