Bakı.Trend:
Yunanıstan–Bolqarıstan (IGB) interkonnektorunun operatoru olan ICGB şirkəti, Yunanıstan, Bolqarıstan, Rumıniya, Moldova və Ukraynadan olan tərəfdaş nəqliyyat sistemi operatorları ilə birlikdə marşrutun ötürücülük qabiliyyəti üzrə ikinci hərracı keçirəcək.
Trend bu barədə şirkətə istinadən xəbər verir.
“Dekabr ayında "Route 1", "Route 2" və "Route 3" xüsusi marşrutlarının uğurlu istifadəyə verilməsindən sonra ICGB, Yunanıstan, Bolqarıstan, Rumıniya, Moldova və Ukraynadan olan tərəfdaş nəqliyyat sistemi operatorları ilə birlikdə yanvarın 26-da ötürücülük qabiliyyəti məhsulları üzrə ikinci hərracı keçirəcək. Hərracda Regional Rezervasiya Platforması (Regional Booking Platform, RBP) vasitəsilə fevral ayı üçün aylıq ötürücülük qabiliyyəti təqdim olunacaq ki, bu da bazar iştirakçılarına bütün dəhliz boyunca koordinasiya olunmuş “end-to-end” (tam əhatəli) çıxış təmin edəcək və qazın cənubdan şimala – Yunanıstandan Ukraynaya – səmərəli nəqlinə imkan yaradacaq”, – ICGB-nin açıqlamasında bildirilib.
Şaquli qaz dəhlizinin əsas infrastruktur elementi olaraq IGB, “Route 2” və “Route 3” marşrutlarında mərkəzi strateji rol oynayır, həm Aleksandrupolisdəki üzən qazın yenidən qazlaşdırılması qurğusu (FSRU) vasitəsilə mayeləşdirilmiş təbii qaz (MTQ) tədarüklərini, həm də Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə boru kəməri qazını regional nəqliyyat sisteminə inteqrasiya edir. IGB vasitəsilə şaxələndirilmiş qaz həcmləri səmərəli şəkildə şimala daşınır ki, bu da regional əlaqəliliyi və infrastrukturun dayanıqlığını gücləndirir.
Əlavə marşrutlar Ukraynanın enerji təhlükəsizliyini dəstəkləyir, dəhliz üzrə vahid təklif vasitəsilə şaxələndirilmiş qaz mənbələrinə çıxışı təmin edir. Bu məqsədlər marşrut üzrə əlaqələndirilmiş endirimlər sayəsində əldə edilmiş rəqabətli tarif şərtləri ilə dəstəklənir; bu arada ICGB “Route 2” və “Route 3” marşrutları üzrə rezervasiya edilmiş ötürücülük qabiliyyəti üçün standart aylıq tarifdə 46% endirim tətbiq etməyə davam edir.
IGB-nin ilkin ötürücülük qabiliyyəti illik 3 milyard kubmetr qaz təşkil edir və 5 milyard kubmetrədək artım potensialı var.
