Bakı. Trend:
Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) neft-qaz yataqlarına investisiyalar, beynəlxalq pərakəndə satış şəbəkəsinin genişləndirilməsi və texnoloji transformasiyanı birləşdirən iddialı qlobal genişlənmə planını təqdim edib. Bu təşəbbüslər Azərbaycanın Şərq və Qərb arasında enerji körpüsü rolunu gücləndirməyə yönəlmiş uzunmüddətli strategiyasını əks etdirir, eyni zamanda regional əməkdaşlıq və enerji təchizatının şaxələndirilməsi üçün yeni imkanlar yaradır.
Əsas sövdələşmə Kot-d’İvuarda yerləşən “Baleine” neft-qaz yatağının işlənməsi layihəsində İtaliyanın Eni S.p.A. şirkəti ilə birgə 10 faiz payın əldə edilməsi olub. 2021-ci ildə kəşf edilən və hazırda gündəlik 62 min barel neft və 75 milyon kub fut qaz hasil edən yataq üçüncü mərhələdə hasilatı gündəlik 150 min barel neft və 200 milyon kub fut qaza çatdıracaq. Layihə Afrikada sıfır emissiyalı ilk dəniz neft-qaz layihəsi kimi mövqeləndirilir ki, bu da SOCAR-ın dayanıqlı inkişaf standartlarına sadiqliyini nümayiş etdirir.
SOCAR-ın Avropa pərakəndə satış bazarındakı genişlənməsi də az əhəmiyyətli deyil . Hazırda SOCAR şəbəkəsi Avstriya, İsveçrə, Ukrayna, Gürcüstan, Rumıniya və Türkiyədə 564 yanacaqdoldurma stansiyasını əhatə edir. Bu addımlar Azərbaycan şirkətinin beynəlxalq bazarlardakı təsirini gücləndirir, brend tanınmasını artırır və regionlar arasında enerji inteqrasiyası üçün infrastruktur körpüləri yaradır.
Texnoloji innovasiyalar SOCAR-ın strategiyasının əsas elementlərindən olaraq qalır. “SOCAR Carbamide” zavodu “Global Lighthouse Network”un nüfuzlu şəbəkəsinə daxil edilmiş və “Industry 4.0” texnologiyalarının tətbiqinə görə “Digital Lighthouse Award” mükafatına layiq görülüb. Süni intellekt, robotlaşdırma və rəqəmsal alətlərin istifadəsi məhsuldarlığı 21%, təbii qazdan istifadə səmərəliliyini 24% artırmış, karbon emissiyalarını isə 19% azaldıb. . Bu nailiyyətlər SOCAR-ın rəqabətə davamlılığını gücləndirərək dayanıqlı inkişafla texnoloji innovasiyaların paralel şəkildə irəliləyə biləcəyini sübut edir.
Eyni zamanda şirkət beynəlxalq əməkdaşlıq vasitəsilə rəqəmsal və ekoloji gündəmini genişləndirir: İsveçrənin “SICPA SA” şirkəti ilə enerji resurslarının izlənməsi üzrə saziş, “Planet Labs PBC” ilə ətraf mühitin peyk vasitəsilə monitorinqi üzrə tərəfdaşlıq, eləcə də “Honeywell” və “ADNOC Group” ilə təmiz enerji və dayanıqlı infrastruktur sahəsində birgə təşəbbüslər həyata keçirilir.
SOCAR-ın maliyyə dayanıqlılığı aparıcı beynəlxalq reytinq agentlikləri tərəfindən təsdiqlənir. “Moody’s” şirkətin reytinqini investisiya səviyyəsi olan “Baa3”ə yüksəltmiş, “S&P Global Ratings” uzunmüddətli kredit reytinqini müsbət proqnozla “BB” səviyyəsinə qaldırmışdır. “Sustainable Fitch”in qiymətləndirməsinə əsasən SOCAR-ın ESG reytinqi “3” səviyyəsindədir ki, bu da risklərin etibarlı idarə olunmasını, emissiyaların azaldılması məqsədlərini və korporativ idarəetmədə mövcud çağırışları əks etdirir.
SOCAR-ın təşəbbüslərinin regional və qlobal təsirini qiymətləndirməmək mümkün deyil. Afrika genişlənməsi dünya energetikası üçün yeni təchizat nöqtələri yaradır, Avropa pərakəndə şəbəkəsi əsas bazarlarda mövqeləri gücləndirir, texnoloji və ESG təşəbbüsləri isə şirkətin investisiya cəlbediciliyini artırır. Azərbaycan üçün bu, təkcə korporativ kapitalın artması deyil, həm də ölkənin enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsidir. Region üçün isə enerji əməkdaşlığının inkişafı, inteqrasiya olunmuş təchizat zəncirlərinin formalaşması və yaşıl enerji sahəsində birgə investisiyalar üçün yeni imkanlar deməkdir.
SOCAR nümayiş etdirir ki, milli neft-qaz şirkəti də qlobal ambisiyaları, innovasiyaları və dayanıqlı inkişafı uğurla birləşdirə, Azərbaycanın enerji brendini dünya arenasında formalaşdıra və qlobal energetikada daha təhlükəsiz və dayanıqlı gələcək üçün əsas yarada bilər.
