Bakı. Trend:
Azərbaycanla Avropa şirkətləri arasında "yaşıl enerji" istehsalı üzrə əməkdaşlıq imkanları müzakirə edilib.
Trend Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu, nazir Pərviz Şahbazovun Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə baş direktoru Gert Yan Koopman ilə görüşü zamanı baş tutub.
Görüşdə Azərbaycanla Avropa İttifaqının (Aİ) enerji sahəsində
strateji tərəfdaşlığının prioritetləri, Cənub Qaz Dəhlizinin
Avropanın enerji təhlükəsizliyində rolu, eləcə də yeni ölkələrin
Azərbaycan qazının alıcıları sırasına qoşulması məsələləri müzakirə
edilib. Ötən il Azərbaycandan Avropaya 12,8 milyard kubmetr qaz
tədarük edildiyi bildirilib. Qeyd olunub ki, təbii qazla yanaşı,
bərpa olunan enerji və enerji səmərəliliyi və digər mühüm
istiqamətlər enerji sahəsində strateji tərəfdaşlığa dair
Azərbaycanla Aİ arasında imzalanmış Anlaşma Memorandumunda öz
əksini tapıb və bu sənəd ikitərəfli enerji münasibətlərinin əsasını
təşkil edir.
Görüşdə elektrik enerjisinin ötürülməsi üzrə regional enerji
bağlantıları xüsusunda Azərbaycanla Avropa arasında Qara dənizdən
keçməklə, Naxçıvan və Gürcüstan üzərindən planlaşdırılan
layihələrdən də bəhs edilib. “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji
Dəhlizi” layihəsinin ENTSO-E-nin 2026-2036-cı illər üzrə Şəbəkə
İnkişaf Planına (TYNDP) daxil edilməsi, həmçinin “Ortaq Maraqlar
Layihəsi” (PMI) statusunun əldə olunması ilə bağlı fikir mübadiləsi
aparılıb. Həmçinin Zəngəzur dəhlizi vasitəsilə Naxçıvan, Azərbaycan
və Türkiyəni əlaqələndirəcək yeni marşrutun Mərkəzi Asiya ilə
Avropanı birləşdirəcək strateji enerji dəhlizi rolunu oynayacağı
qeyd edilib.
Söhbət zamanı bərpa olunan enerji layihələrinin, xüsusilə günəş və külək enerjisinin istehsalı və ötürülməsi istiqamətində Avropa şirkətləri ilə əməkdaşlıq imkanları dəyərləndirilib. Azərbaycan-Aİ Enerji Dialoqu, Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuraları çərçivəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib.
