Bakı. Trend:
Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən qazılmış quyuların 90 faizdən çoxu istismar kolonunun aşağı endirilməsi və perforasiya sxemi üzrə tamamlanıb.
Trend xəbər verir ki, bunu SOCAR-ın quyuların tikintisi üzrə direktorunun müşaviri Vüsal Rəcəbov Bakıda keçirilən “IADC Drilling Caspian 2026” konfransı və sərgisində çıxışı zamanı bildirib.
“Məhz buna görə də bütün diqqət bu metoda yönəldilib və qum idarəetməsi kimi digər metodlar üzrə təcrübənin inkişafına çox az səylər göstərilib. Bizim son məqsədimiz komandanı inkişaf etdirmək, ekspertləri cəlb etmək və səriştəli mütəxəssislərdən ibarət komanda formalaşdırmaqdır”, – deyə o qeyd edib.
V. Rəcəbov vurğulayıb ki, istismar kolonlu quyuların tamamlanmasına dair standart yanaşmanın tətbiqi üçün layihələndirmə bazasının mövcudluğu zəruridir.
“Hazırda yeni texnologiyaların və tamamlanma metodlarının tətbiqi ilə əlaqədar olaraq, mühəndislərin və sahə personalının işini asanlaşdırmaq üçün hər bir yataq üzrə standartlaşdırılmış yanaşmaların olması vacibdir.
Eyni yanaşma sənədləşməyə də aiddir, yəni yataqlarımızda tətbiq etdiyimiz müxtəlif tamamlanma metodları üçün rəhbər praktikalara ehtiyac var”, – deyə müşavir əlavə edib.
