Bakı. Trend:
SOCAR AQŞ yaxın iki il ərzində Türkiyədə 8 quyu qazmağı planlaşdırır.
Trend xəbər verir ki, bunu SOCAR AQŞ-nin Türkiyə üzrə meneceri Elvin Nəsibov Bakıda keçirilən "IADC Drilling Caspian 2026" konfrans və sərgisi çərçivəsində bildirib.
O, hazırda burada fəal qazma kampaniyasının aparıldığını qeyd edərək bildirib ki, təkcə “Turkish Petroleum” layihələri çərçivəsində, özəl operatorların avadanlıqlarından əlavə, təxminən 55 qazma qurğusu cəlb olunub.
“Dənizdə aparılan işlər əsasən Qara dənizdə cəmləşib və qazma gəmilərindən istifadə olunmaqla yalnız milli şirkət tərəfindən həyata keçirilir. SOCAR AQŞ 2019-cu ildə SOCAR AQŞ Sondaj filialını açmaqla Türkiyədəki mövcudluğunu genişləndirib”, – deyə o bildirib.
Onun sözlərinə görə, ilk layihə BOTAŞ – milli qaz operatoru üçün “açar təhvili” müqaviləsi əsasında qazın yeraltı saxlanması məqsədilə 28 quyunun qazılmasından ibarət olub:
“Qazma işləri ilə yanaşı, əlavə servis xidmətləri də göstərilib. Sifarişçinin ciddi texniki tələblərinə, o cümlədən quyu lüləsinin meylinin 1,5°-dən az olması və istismar kolonunda sıfır təzyiq şərtinə baxmayaraq, layihə uğurla icra edilib. Layihənin həyata keçirilməsi üçün eyni vaxtda səkkizədək qazma qurğusundan istifadə olunub”.
