...

Avropa İttifaqı Naxçıvanda İqlim və Enerji üzrə Merlər Razılaşmasına həsr olunmuş tədbir keçirəcək (ÖZƏL)

Energetika Materials 7 Fevral 2026 13:04 (UTC +04:00)
Avropa İttifaqı Naxçıvanda İqlim və Enerji üzrə Merlər Razılaşmasına həsr olunmuş tədbir keçirəcək (ÖZƏL)
Aygün Bəliyarli
Aygün Bəliyarli
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı Naxçıvanda İqlim və Enerji üzrə Merlər Razılaşmasına həsr olunmuş tədbir keçirəcək.

Bunu Trend-ə Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyundziç 5-ci Avropa Bilik Yarışması çərçivəsində bildirib.

Onun sözlərinə görə, 2026-cı ildə Avropa İttifaqı Azərbaycanla əlaqəlilik sahəsində əməkdaşlığın genişləndirilməsini gözləyir.

"Əlaqəlilik - ilin sözüdür. Bu anlayış energetika və rəqəmsal infrastrukturdan tutmuş dəmir yollarına, avtomobil yollarına və bir çox digər sahələrə qədər geniş istiqamətləri ehtiva edir”,- deyə diplomat vurğulayıb.

Səfirin sözlərinə görə, hazırda Aİ ilə Azərbaycan arasında münasibətlər müsbət mərhələdədir və Avropa İttifaqı fəal əməkdaşlığı davam etdirməyə hazırdır.

Kuyundziç qeyd edib ki, 2026-cı il ərzində humanitar və təhsil əlaqələrinin möhkəmləndirilməsinə yönəlmiş bir sıra ənənəvi tədbirlərin keçirilməsi planlaşdırılır. Onların sırasında "Study in Europe", "Taste in Europe", "Eurovillage" və digər təşəbbüslər yer alır.

O həmçinin bildirib ki, növbəti tədbir Merlər Razılaşması proqramı çərçivəsində gələn həftə Naxçıvanda keçiriləcək.

Avropa İttifaqının (Aİ) İqlim və Enerji üzrə Merlər Razılaşması təşəbbüsü ilk dəfə 2008-ci ildə İqlim və Enerji Paketinin qəbul edilməsindən sonra Avropa Komissiyası tərəfindən dayanıqlı enerji siyasətinin hazırlanması və həyata keçirilməsində yerli özünüidarəetmə orqanları tərəfindən göstərilən səylərin dəstəklənməsi məqsədilə irəli sürüldü və 2015-ci ildən Merlər Razılaşması təşəbbüsü qlobal miqyas almağa başlayıb.

Merlər Razılaşmasının əsas hədəfləri aşağıdakılardan ibarətdir:

· enerji səmərəliliyi tədbirlərini həyata keçirmək və bərpa olunan enerji mənbələrindən istifadəni genişləndirməklə istilik effekti yaradan qaz (İEYQ) emissiyalarını azaltmaq;

· iqlim dəyişikliklərinə uyğunlaşmada dayanıqlılığı artırmaq;

· bələdiyyələr, yerli və mərkəzi icra hakimiyyəti orqanları arasında əməkdaşlığı gücləndirmək;

· hamı üçün təhlükəsiz, dayanıqlı və etibarlı enerjiyə əlçatanlığı təmin etmək.

Merlər Razılaşması yuxarıda qeyd olunan məqsədlərə nail olmaq niyyətində olan, həmçinin Aİ-nin iqlim və enerji məqsədlərinin yerinə yetirilməsi üzrə üzərinə könüllü təşəbbüslə çıxış edən yerli və regional idarəetmə orqanları tərəfindən imzalanır. Təşəbbüsə qoşulmuş idarəetmə orqanı inzibati ərazi vahidi üzrə Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planını (Sustainable Energy and Climate Action Plan – SECAP) hazırlamalı və həyata keçirməlidir. SECAP-ın həyata keçirilməsi Avropa İttifaqı, vətəndaş cəmiyyətləri, iqlim və enerji fondları, qeyri-hökumət təşkilatları və müxtəlif donorlar tərəfindən dəstəklənir.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (2012-ci ildə) və Mingəçevir Bələdiyyəsi (2017-ci ildə) Merlər Razılaşmasına Azərbaycandan ilk qoşulanlardır. 2018-ci ilin 24 sentyabr tarixindən Azərbaycan Respublikasının Energetika Nazirliyi Aİ-nin İqlim və Enerji üzrə Merlər Razılaşmasının ölkə üzrə Milli Əlaqələndiricisi kimi müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti