...

COP29-un nəticələri ölkəmiz üçün müsbət olacaq - Rauf Hacıyev

Yaşıl iqtisadiyyat Materials 29 Fevral 2024 17:17 (UTC +04:00)
COP29-un nəticələri ölkəmiz üçün müsbət olacaq - Rauf Hacıyev

Bakı. Trend:

Beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvi kimi Azərbaycan iqlim dəyişikliyi ilə bağlı qlobal məsələlərin həllinə böyük önəm verir və bu istiqamətdə davamlı işlər görür.

Trend xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev deyib.

O qeyd edib ki, son illər ölkənin nəqliyyat sektorunda yaşıl yanaşmaların tətbiqi məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilir: “Bu sahədə 2019-cu ildən etibarən elektrik və hibrid avtomobillərə, eyni zamanda onlara enerji doldurulması ilə bağlı güzəştlər tətbiq edilməyə başlanılıb. 2020-ci il yanvarın 1-dən etibarən isə elektriklə işləyən avtomobillərin idxalı və satışı zamanı ƏDV-dən azad edilir. Güzəştlərin tətbiq olunmasından etibarən bu maşınların idxalı surətlə artırır. 2001-ci illə müqayisədə 2020-ci ildə elektromobil idxalı 19 dəfə çox olub”.

Nazir müavini vurğulayıb ki, ekoloji təmiz nəqliyyat vasitələrinin təşviq olunması ilə paralel olaraq, köhnə nəqliyyat vasitələrinin idxalı və istifadəsinin məhdudlaşdırılması istiqamətində qərarlar qəbul olunub: “Nazirlər Kabinetinin 2020-ci il 29 mart tarixli Qərarına əsasən zavod buraxılış tarixinə görə, yaşı 10 ildən çox olan minik avtomobillərinin idxalı məhdudlaşdırılıb. Köhnə və yarasız nəqliyyat vasitələrinin utilizasiyası prosesinin tətbiqi məqsədilə istehsalat və məişət tullantıları haqqında qanunda dəyişiklik edilərək yeni fəsil əlavə edilib. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 yanvar tarixli Sərəncamı ilə nəqliyyat vasitələrinin utilizasiyası fondu yaradılıb. Daha sonra isə bu fondun vəsaitinin formalaşdırılması və istifadə qaydaları təsdiq edilib. Nəqliyyat sisteminin inkişafı hər bir ölkənin uğur qazanması üçün mühüm rol oynayır. Son dövrlər isə bütün dünyada ən ekoloji təmiz və təhlükəsiz nəqliyyat növü hesab olunan metrodan istifadənin təşviqi məsələləri aktuallaşıb”.

R.Hacıyev Azərbaycanda keçiriləcək COP29 haqda da danışıb: “BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29-un Azərbaycanda keçirilməsi olduqca mühüm hadisədir. Bu tədbirdə 20-yə yaxın dövlət başçısı iştirak edir və onun nəticələri həm ölkəmiz, həm də dünya üçün müsbət olacaq. Eyni zamanda, iqlim dəyişikliyinə qarşı qlobal mübarizənin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bütün bunlar göstərir ki, beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvi kimi dövlətimiz iqlim dəyişikliyi ilə bağlı qlobal məsələlərin həllinə böyük önəm verir. Həyata keçirilən tədbirlər, o cümlədən metrolardan istifadənin genişləndirilməsi ətraf-mühitin qorunmasına və atmosfer havasının keyfiyyətinə müsbət təsir göstərəcək”.

Xəbər lenti

Xəbər lenti