Bakı. Trend:
Xəzər regionundan yaşıl elektrik enerjisinin Avropaya çatdırılması üçün Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan tərəfindən həyata keçirilən enerji dəhlizi layihəsi Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək və Serbiya bu mühüm təşəbbüsü yaxından öyrənir.
Trend xəbər verir ki, bu barədə Serbiyanın Mədən və Energetika Nazirliyinin dövlət katibi Stefan Srblyanoviç Bakıda Azərbaycan və Serbiya arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclasında deyib.
Mövzunun davamı olaraq Komissiyanın azərbaycanlı həmsədri Sahil Babayev Serbiyanın yaxın gələcəkdə Azərbaycandan “yaşıl” enerji alacağını və müvafiq sazişin hazırlana biləcəyini istisna etməyib.
"Yaşıl enerji əməkdaşlıq üçün çox vacib sahədir. Bu kontekstdə "Xəzər-Azərbaycan-Gürcüstan - Qara dəniz vasitəsilə Avropa" yaşıl enerji dəhlizinin yaradılması böyük əhəmiyyət kəsb edir. Bu dəhliz Azərbaycandan Avropaya 4 QVt yaşıl enerji təchizatı üçün nəzərdə tutulub. Rumıniya və Macarıstanla razılaşmalar var, bu məsələ ilə bağlı Serbiya ilə ilkin danışıqlar aparılıb", - deyə S.Babayev jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bu ilin ikinci yarısında bu layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanması başa çatacaq və bundan sonra “yekun qərarlar veriləcək”:
"Azərbaycanın "yaşıl" enerji potensialı çox böyükdür, 150 QVt-ı ötür (dəniz külək enerjisi üçün təxmin edilir). Ümid edirəm ki, yaxın gələcəkdə biz Serbiya ilə yaşıl enerji layihələri ilə bağlı razılığa gələcəyik ki, bu da Komissiyanın iclasından sonra Bakıda imzalanmış Protokolda öz əksini tapıb. Azərbaycan hələ də Serbiya bazarına ənənəvi enerji resursları təchizatçısıdır, lakin o, həm də “yaşıl” enerji təchizatçısı ola bilər", - deyə nazir əlavə edib.