Bakı. Trend:
“İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin Nizamnaməsi” ratifikasiya edilib.
Trend xəbər verir ki, bu məsələ Milli Məclisin 2025-ci il yaz sessiyasının bu gün keçirilən ilk plenar iclasında müzakirə edilib.
“İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” qanun layihəsi bir oxunuşda qəbul olunub.
Qeyd edək ki, İƏT Təmiz Enerji Mərkəzi İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) çərçivəsində yaradılan regional qurumdur. Mərkəzin əsas vəzifələri enerji təhlükəsizliyi, enerjiyə çıxış və iqlim dəyişikliklərinin təsirlərinin azaldılması istiqamətində üzv dövlətlər arasında bərpaolunan enerji və enerji səmərəliliyinin təşviq edilməsidir. Mərkəzin əsas vəzifələri regional əməkdaşlığı inkişaf etdirmək, dayanıqlı enerji layihələrini həyata keçirmək, texniki dəstək göstərmək və qlobal enerji məsələləri ilə bağlı bilik və məlumatlılığı artırmaqdır. Qərargahı Bakı şəhərində yerləşən Mərkəz, Rəhbərlər Şurası, İcraçı Şura, Katiblik və Texniki Komitənin dəstəyi ilə fəaliyyət göstərir.
İƏT Təmiz Enerji Mərkəzinin yaradılması üzv dövlətlərin bərpaolunan enerji və enerji səmərəliliyinin təşviqi, iqlim dəyişikliyinin təsirlərinin azaldılması və davamlı enerji həllərinin inkişafı sahəsindəki kollektiv səylərini əks etdirir. Xüsusilə Azərbaycanın Mərkəzə ev sahibliyi etməsi onun regional enerji təşəbbüslərində strateji rolunu vurğulayır. Nizamnamənin 27 noyabr 2021-ci il tarixində keçirilən İƏT Nazirlər Şurasının 28-ci iclasında imzalanması ətraf mühit problemlərinin kollektiv şəkildə həlli və təmiz enerji layihələrinin həyata keçirilməsi sahəsində üzv dövlətlərin nümayəndələrinin imzaları ilə təsdiqlənərək Mərkəzin məqsəd və vəzifələrinə sadiqliyini nümayiş etdirir.
Mərkəz fəaliyyətlərini aşağıdakı istiqamətlər üzrə ixtisaslaşmış Tematik Mərkəzlər vasitəsilə həyata keçirir:
- Bərpa olunan enerji;
- İqlim dəyişikliyi;
- Potensialın artırılması;
- Tədqiqat və inkişaf;
- Maliyyə.
Bu Tematik Mərkəzlər Texniki Əməkdaşlıq Sazişləri çərçivəsində fəaliyyət göstərir və proqramların icrasında mərkəzi koordinasiya qurumu rolunu oynayır.
İdarəetmə strukturu belədir:
1. Rəhbərlər Şurası:
Rəhbərlər Şurası üzv dövlətlərin nümayəndələri, İƏT Baş katibi və
Mərkəzin İcraçı direktorundan ibarət əsas qərar qəbul edən
orqandır. Bu qurum əsas siyasi strategiyaların müəyyənləşdirilməsi
və bu istiqamətdə məqsədlərə nail olmaq üçün strateji idarəetməni
həyata keçirir.
2. İcraçı Şurası:
Rəhbərlər Şurasının qərarlarını həyata keçirir, illik iş
proqramları və büdcəyə nəzarət edir, həmçinin Mərkəzin heyətini
təyin edir.
3. Katiblik:
Katiblik İcraçı direktorun rəhbərliyi altında Mərkəzin gündəlik
əməliyyatlarını idarə edir və təsdiq olunmuş proqramların icrasını
təmin edir.
4. Texniki Komitə:
Üzv dövlətlərin mütəxəssisləri və tərəflərin nümayəndələrindən
ibarət Texniki Komitə Mərkəzin təşəbbüslərinə texniki tövsiyələr
verir və onların icrasını monitorinq edir.
Hüquqi status və maliyyələşmə:
- Mərkəz ECO-nun Regional Mərkəzi olaraq hüquqi şəxs statusuna malikdir. Onun imtiyazları və toxunulmazlıqları ev sahibi ölkə ilə bağlanan sazişlərlə tənzimlənir.
- Mərkəz müstəqil büdcəyə malikdir və bu büdcə üzv dövlətlərin töhfələri, ianələr və layihələrin icrasından əldə olunan gəlirlər hesabına maliyyələşir.
- Nizamnaməyə dəyişikliklər yalnız Rəhbərlər Şurasının təsdiqi ilə həyata keçirilir.
- Rəsmi dil kimi ingilis dili qəbul edilib.